- Mədəni adam
- 4 Fevral 2021 20:06
- 28 172
Asya Atakişiyeva: “Heç nədən peşman deyiləm”

“Xaricdə təhsil, maraqlı obrazlar, hər aktrisanın arzusunda olduğu sənətin zirvəsi...”
Uzun müddətdir ki, səhnədədir seriallarda, filmlərdə əsas qəhrəmanları canlandırır. Səhnəmizin müasir Leylisi olan Asya Atakişiyevanın bu gün 35 yaşı tamam olur. Doğum günündə Moderator.az-ın suallarını cavablandıran aktrisa yeni yaşındakı hədəflərindən söz açıb.
AzNews.az onunla müsahibəni təqdim edir:
- Doğum gününüzü necə qeyd edirsiniz?
- Doğum günümü ailəmlə birlikdə, onların əhatəsində qeyd edirəm. Mənim üçün hər şeydən önəmli can sağlığıdır. Bu sağlamlığı nəinki özümə hər kəsə arzu edirəm.
- Ötən yaşınızda sizi daha da təkmilləşdirən, yaşadıqlarınızdan dərs almağa məcbur edən hansısa unudulmaz xatirələriniz oldumu?
- İnsan yaşadığı hər günündən dərs alır. Yaşadığımız bu müddət ərzində hər saniyənin öz hökmü var. Doğulandan bu günə qədər öyrənirik və öyrənərək yaşayırıq. Heç nədən peşman deyiləm. Hər hansı xoşagəlməz hadisə ilə rastlaşanda isə düşünürəm ki, qismət belə imiş. Qısa zaman ərzində onu da unuduram. Bu günə qədər yaşadıqlarımın heç nəyinin peşmanlığını çəkməmişəm. Həyatda nə olursa yaxşılığa doğru olur.
- Yeni yaşınızda özünüzə nələr arzu edirsiniz? Hədəfləriniz nələrdir?
- Əgər iki il bundan qabaq bu sualı mənə versəydiniz sizə hər aktrisanın arzulaya biləcəyi saysız arzular sadalayardım. Xaricdə təhsil, maraqlı obrazlar, hər aktrisanın arzusunda olduğu sənətin zirvəsi və sair. Son bir ildə koronavirusun bizə yaşatdıqlarından sonra mənim bütün fikirlərim dəyişdi. Pandemiya gələcək istəklərimi alt-üst etdi. İndi fərqli düşünürəm. Xoş günümüzdə bizə arzulanan uzun ömür və can sağlığı əvvəllər sıradan bir arzu kimi görünsə də mən bu arzunun əslində necə dəyərli olduğunun fərqinə vardım.
- Bəs geridə qoyduğunuz yaşınızı necə dəyərləndirirsiniz?
- Geridə qoyduğum yaşımda pandemiya ilə tanış oldum. Karantinin nə olduğunu gördüm. Ondan öncəki illərə baxanda ötən yaşımda o qədər də geniş fəaliyyətim olmayıb. Əvvəllər yaradıcılığım daha məhsuldar olduğu halda ötən il üçün bunu deyə bilmərəm. Karantin rejiminə görə layihələrim yarımçıq qaldı. Bu təkcə bizim işdə deyil, hər sahədə belədir. Ötən il yaradıcılığımda heç bir irəliləyiş olmadı. Sanki 2020-ci il yerində dayandı.
Geridə qoyduğum yaşı uğurlu hesab etmirəm, amma uğursuz kimi də dəyərləndirə bilmərəm.
- Geridə qoyduğunuz illəri geri qaytarmaq şansınız olsaydı nələri dəyişərdiniz?
- Ötən illərimi geri qaytarsaydılar daha çox oxuyar, dünyanın başqa ölkələrində fəaliyyət göstərən ustadlardan yeni səhnə plastikası və onun fərqli üsullarını öynərdim. Özümü fərqli və başqa istiqamətlərlə inkişaf etdirərdim. Ən çox kitab oxuyardım. Zamanında az oxuduğum üçün bunun peşmanlığını çəkirəm. Oxumağı daha çox zaman sərf edərdim.
- Bir ilə yaxındır ki, pandemiyadan dolayı teatrlar fəaliyyəti dayandırıb. Daima dinamik həyat tərzi keçirən, səhnədə olan aktrisa üçün səhnəsiz qalmaq nə deməkdir?
- Tək bizim sənətdə deyil, dinamik həyat tərzi keçirən hər bir insan üçün evdə qalmaq, qapanmaq böyük bir stress yaradır. Daima səhnədə, məşqdə, serialda, çəkilişlərdə olan birini sanki qəfəsə salırsan. Pandemiya dönəmində çox dəyişiklik baş verdi. Birdən birə hər şey dəyişdi. Bu karantin rejimi mənim ən çox da yuxu rejimimi pozdu.