- Qərb
- 16:46
- 702
Fransada tələbə etirazları genişlənir: 256 min nəfər küçələrə çıxıb
Fransada orta məktəb şagirdlərinin bir neçə gün əvvəl başladığı etiraz aksiyaları davam edir.
Etirazlar dünən Parisdəki Bastiliya meydanında on minlərlə insanın iştirakı ilə keçirilən mitinq zamanı küçələrdə ciddi qarşıdurmalara səbəb olub.
Parisda başlayan etirazlar ölkə üzrə yayılıb
Etirazlar müəllim çatışmazlığı, siniflərdə şagird sayının çoxluğu, məktəb binalarının bərbad vəziyyəti və dərs günlərinin uzunluğu ilə bağlı narazılıqlar səbəbindən Parisdəki liseylərdə başlayıb. Lakin qısa müddətdə ölkənin digər bölgələrinə də yayılıb.
Aksiyalara universitet tələbələri, müəllimlər, valideynlər və həmkarlar ittifaqları da qoşulub.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə etirazlarda təxminən 256 min nəfər iştirak edib.
Verilən vədlər yetərsiz hesab olunub
Baş nazir Sebastyan Lekornunun oktyabrın sonunadək plan hazırlayacağına dair vədi və təhsil naziri Eduar Gefrenin təcili tədbirlərlə bağlı açıqlamaları şagirdləri qane etməyib.
Dünən ölkə üzrə keçirilən nümayişlərdə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 71 min 500 nəfər iştirak edib.
Parisdə, Bastiliya meydanında keçirilən mitinqə isə 24 min 500 nəfər qatılıb.
Məktəblərin qarşısında təşkil olunan aksiyalarda da təxminən 55 min nəfərin iştirak etdiyi bildirilib.
Məktəblər bağlanıb, etirazçılar abidəyə dırmaşıblar
Təhsil Nazirliyinin məlumatına görə, gün ərzində 375 lisey tamamilə və ya qismən bağlanıb. Günorta saatlarında bu rəqəm 157-yə düşüb, məktəblərin təxminən 96 faizi isə fəaliyyətini davam etdirib.
Günortadan sonra Bastiliya meydanında toplaşan nümayişçilər İyul sütunu abidəsinə dırmaşıb, Fransa bayraqlarını dalğalandırıb və ölkənin dövlət himni olan “Marselyeza”nı oxuyublar.
Küçə və prospektlər qarşıdurma meydanına çevrilib
Axşam saatlarında polis “yüksək riskli qruplar” adlandırdığı dəstələri dağıtmaq üçün gözyaşardıcı qazdan, dəyənəklərdən və su şırnaqlarından istifadə edib.
Bəzi ərazilərdə nümayişçilərlə polis arasında qarşıdurmalar baş verib. Etirazçılardan bəziləri polis əməkdaşlarına şüşə qablar və daşlar atıb.
Küçə və prospektlərdə vəziyyət gərginləşib.
Gün ərzində ölkə üzrə 504 nəfər saxlanılıb.
Əlavə 10 milyard avro tələb olunur
Ölkənin digər şəhərlərində də müxtəlif insidentlər qeydə alınıb.
Şagirdlər və onlara dəstək verən təşkilatlar hökumətin 3 min ehtiyat müəllimin cümə günündən çərşənbə axşamınadək prioritet məktəblərə göndəriləcəyi və əlavə olaraq bir neçə yüz nəfərin işə götürüləcəyi barədə açıqlamasını yetərsiz hesab ediblər.
Etirazçıların tələbləri arasında işçi heyətinin artırılması, siniflərdə şagird sayının azaldılması, məktəb binalarının yenilənməsi və təhsil sahəsinə əlavə 10 milyard avro ayrılması da var.
Universitet tələbələri, həmçinin “Parcoursup” adlı mərkəzləşdirilmiş rəqəmsal qəbul sisteminin ləğvini tələb edirlər.
700-dən çox polis və jandarm yaralanıb
Hökumətin məlumatına görə, etirazlar başlayandan bəri yüzlərlə şagird və məktəb əməkdaşı, eləcə də 700-dən çox polis və jandarm yaralanıb.
Saxlanılanların böyük əksəriyyətinin yetkinlik yaşına çatmadığı bildirilir.
Mövsüm,
AzNews.az