- Qərb
- 12:12
- 1 485
Almaniya Fransa ilə birgə tank layihəsindən çəkilir
Almaniyanın Fransa ilə Avropanın müdafiə sahəsindəki mühüm birgə təşəbbüslərindən biri hesab olunan Əsas Quru Döyüş Sistemi (MGCS) layihəsindən çıxmaq qərarı verdiyi açıqlanıb.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandon Parisdə Milli Assambleyanın Müdafiə Komissiyasında çıxışı zamanı Almaniyanın birgə tank layihəsini davam etdirməmək qərarına gəldiyini bildirib.
“Almanlar layihəni tərk etmək qərarı veriblər”
Mandon Fransa və Almaniya ordularının gələcəyin əsas döyüş tankının hansı xüsusiyyətlərə malik olmalı olduğunu illərdir birgə araşdırdıqlarını qeyd edərək, “Almanlar layihəni tərk etmək qərarı veriblər”, - deyə bildirib.
Almaniyanın layihədən çəkilməsinin sənaye baxımından müsbət addım olmadığını vurğulayan Mandon bununla belə, iki ölkənin indiyədək apardığı işlərin tam uğursuzluq kimi qiymətləndirilə bilməyəcəyini deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində gələcək tankın texniki və əməliyyat xüsusiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm işlər görülüb və iki ölkənin birgə səyləri nəticəsiz qalmayıb.
Leclerc və Leopard 2 tanklarını əvəz etməli idi
Fransa və Almaniyanın 2017-ci ildə başlatdığı MGCS layihəsinin 2045-ci ildə tamamlanması nəzərdə tutulurdu. Layihə çərçivəsində hazırlanacaq yeni nəsil tankın Fransanın Leclerc və Almaniyanın Leopard 2 tanklarını əvəz etməsi planlaşdırılırdı.
İki ölkə, həmçinin Avropanın ən genişmiqyaslı birgə müdafiə təşəbbüslərindən biri olan, təxminən 100 milyard avro dəyərindəki Yeni Nəsil Hava Döyüş Sistemi layihəsini də bu il dayandırmaq barədə razılığa gəlmişdi.
Almaniyanın MGCS layihəsindən çəkilməsi iki ölkə arasında birgə müdafiə layihələri ilə bağlı fikir ayrılıqlarının son nümunəsi kimi qiymətləndirilir.
Mövsüm,
AzNews.az