ABŞ İsrailə İrana qarşı yeni hərbi əməliyyata hazırlıq barədə məlumat verib

ABŞ-nin yüksəkvəzifəli rəsmiləri bu həftə İsrail ordusunun rəhbərini yaxın üç həftə ərzində İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalına dair hazırlıqlar barədə məlumatlandırıblar.

AzNews.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

ABŞ rəsmisi və telefon danışığının məzmunu ilə tanış olan digər mənbənin bildirdiyinə görə, İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir çərşənbə axşamı ABŞ-nin yüksəkvəzifəli rəsmiləri ilə danışıb. Söhbət zamanı yaxın üç həftə ərzində İrana qarşı mümkün yeni hərbi əməliyyatla bağlı ABŞ ordusunun hazırlıqları müzakirə olunub.

Mənbələrin sözlərinə görə, Zamir telefon danışığı zamanı bildirib ki, yaxın üç həftə ərzində döyüşlərin yenidən başlaması İsraildə seçkilərin təxirə salınmasına səbəb ola bilər. Buna səbəb İranın İsrailə raket zərbələri ilə cavab verəcəyi ehtimalıdır.

Mövsüm,
AzNews.az