“Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" adlı tədbir keçirilib

Bakıda keçirilən “II Türk Dünyası Ədəbiyyat və Kitab” Festivalı çərçivəsində Türkmənistan günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi altında “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Fondun nümayəndəsi, şair Fərid Hüseyn təşkilatın Türk dünyasının maddi – mənəvi dəyərlərinin beynəlxalq miqyasda təbliği istiqamətindəki fəaliyyətindən bəhs edib.

Fondun Türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin qorunmasına və təşviqinə böyük önəm verdiyini bildirən F.Hüseyn, tədbir iştirakçılarına Nizami Gəncəvi, Əlişir Nəvai, Abay, Ömər Seyfəddin, Çingiz Aytmatov və Türk Dünyasının digər görkəmli söz ustalarının əsərlərinin təşkilat tərəfindən nəşr olunması, eləcə də “Manas” dastanı ilə bağlı tədqiqatların aparılması barədə məlumat verib. Növbəti il 300 illik yubileyi qeyd olunacaq Məhdimqulu Fəraqinin yaradıcılığının da Fond tərəfindən daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı çıxış edərək, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Türk dünyasının qüdrətli qələm sahiblərinin ədəbi irsinin tanıdılması istiqamətindəki addımlarını yüksək qiymətləndirdiyini qeyd edib. O, eyni zamanda Türkmən ədəbiyyatının klassiki olan Məhdimqulu Fəraqi haqqında Fondun keçirdiyi tədbirin əhəmiyyətini vurğulayaraq, əsərlərinin Azərbaycan oxucularının böyük marağına səbəb olduğunu da bildirib.
Daha sonra Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnsitutunun şöbə müdiri, tanınmış mətnşünas alim Rəhmanberdi Qodorov və İnsitutun əməkdaşı Məqsəd Meredov çıxış edərək, görkəmli şairin Azərbaycanda nəşr edilən əsərləri, eləcədə haqqında yazılan çoxsaylı elmi araşdırmaları yüksək qiymətləndiridiklərini bildiriblər.
Daha sonra tədbirdə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Cavidan Səfərli və Lamiya Əliyevanın ifasında Məhdimqulu Fəraqinin şeirləri səsləndirilib.
Sonda tədbir iştirakçıları görkəmli şair haqqında yayımlanan kitabların sərgisi ilə tanış olublar.