"Paris üçbucağı", yaxud biz kimik? - Nüşabə Sadıxlı Adəm İsmayıl Bakuvinin kitabı haqqında yazır

Novella Cəfər oğlu bir əsər verib, oxumağımı tövsiyə etdi. Əsər Adəm İsmayıl Bakuvinin "Paris üçbucağı" adlanır.

Elə ilk səhifələrdən yazıçının yazı manerası, əsərdəki hadisələr oxucu olaraq məni ardınca apara bildi. Əsəri oxuya-oxuya Fransanın böyük yazarlarından biri Frederik Stendalın fikri yadıma düşdü: "Sənətkar öz vəzifəsini cəmiyyəti arxasınca apara bildiyi zaman bitmiş hesab edə bilər. Əgər sənətkar tək fəaliyyət göstərirsə və oxucusunu ardınca apara bilmirsə, o heç nədir".

Hər hansı bir əsər o zaman əhəmiyyətli olur ki, oxucu onu bitirdikdən sonra aldığı informasiyadan məmnunluq hiss etsin. "Paris üçbucağı" məhz belə əsərlərdəndir. Müəllif tərəfindən oxucuya məhəbbət romanı kimi təqdim olunan əsər iki gəncin məhəbbətinin yaranma tarixindən başlayaraq, oxucunu hadisələrin gedişinin marağında saxlayır. Lakin bu məhəbbət klassik ədəbiyyatdan üzü bu yana, bələd olduğumuz "Leyli və Məcnun", "Romeo və Cullietta", "Tristan və İzolda", "Mahmud və Məryəm" kimi əsərlərdəki məhəbbət macəralarından fərqlənir. Bu, müasir həyatda yaşayan və bu həyatın reallığını ehtiva edən müasir problemləri analizetmə bacarığı olan real həyatı qəbuletmə qabiliyyətinə malik informasiyası və həyata baxışları eyni olan iki gənc arasındakı məhəbbətdir.

Adəm İsmayıl Bakuvinin əsəri oxuduğumuz ənənəvi üslubundan fərqli, özünəməxsus bir üslubda yazılmışdır. Hadisələr tək müəllif, ya da əsərin qəhrəmanı tərəfindən nəql edilmir. Hadisələri əsərin iki qəhrəmanı - Ülvi və Suzanna ilə bərabər, müəllif də nəql edir. Bu qəhrəmanların əsər boyu müxtəlif yazıçılardan və əsərlərdən gətirdiyi sitatlar, məntiqi cəhətdən qəhrəmanların xarakterinin açılmasına, hadisələrə doğru-düzgün qiymət verilməsinə çox yardımçı olur. Yazıçının oxucuya təqdim etdiyi üç obrazın hər birinin özünəməxsus baxış bucağı var. "Paris üçbucağı" anlamı da buradan doğa bilər.

Əsər müəllifin sözləri ilə başlayır və ilk sətirlərdən oxucu özünü gələcək hadisələrə kökləyir: "Hekayətimizdə müxtəlif azərbaycanlılar, fransızlar, ruslar, yəhudilər, ərəblər, hətta ermənilər belə var, bu çoxmillətli romanda hər kəs öz millətini, amma daha çox özünü təmsil edir".

İlk tədqimat Ülvidən başlayır. O, Bakının və bakılıların timsalıdır. Bakının məşhur məhəllələrindən biri olan Zərgərpalanda multikultural bir mühitdə yaşayan və vətəninə, xalqına bağlı, milli ruhu güclü olan gəncdir. Yazıçı Ülvi vasitəsilə oxucusuna koloritli Bakı mühitini çox məharətlə çatdırır. O Zərgərpalanın təkcə zahiri təsvirini vermir. Burada yaşayan insanların dünyagörüşü, xarakteri, məşğuliyyəti haqqında oxucusuna məlumat verməklə, bu mühitin, həm də obrazını yaradır. "Zərgərpalanda çox böyük dühalar doğulublar, çoxları sonradan gəlib burada məskunlaşıblar (N.S. - qeyd edim ki, adlarını fəxrlə çəkdiyimiz bir çox bəstəkarlar, yazıçılar, müğənnilər Azərbaycanın müxtəlif bölgələrindən gələrək Bakıda formalaşır və onların şöhrət tapmasında Bakı mühitinin böyük rolu olur). Müğənni Şövkət Ələkbərova, aktyorlar İlham Namiq Kamal, Eldəniz Zeynalov burada doğulublar. Görkəmli bəstəkar Üzeyir Hacıbəyli, mahir muğam ifaçısı Xan Şuşinski, böyük maarifçi şair Abdulla Şaiq köçüb-gəlib Zərgərpalanda yaşayıblar. Ancaq aşağıda dağlı məhəlləsində 1903-cü ildən Cəfər Cabbarlı yaşayıb. Mikayıl Müşfiq isə orada dünyaya göz açıb".

İlk səhifələrdən Müzəffər babanın, Hacı Cavad məscidinin, Gülağanın göyərçinlərinin təsviri etnoqrafik koloritli bir əsər təəssüratı yaradır. Lakin bu təəssürat Ülvinin Parisə gəlişinə qədərdir. Bakıda Texniki Universiteti bitirən proqramçı kimi fəaliyyət göstərən Ülvinin Fransada bir çox bilik və bacarığının şahidi oluruq. Suzanna ilə olan söhbətində yəhudilər, fransızlar haqqındakı fikirləri, Qubanın təbiətinin təsviri, fransız dilini mükəmməl bilməsi, ilk baxışdan gənc qızı valeh edir.

Ülvinin əcnəbi dillərə və kompüterə sevgisi nənəsi Saradan və anası Lizadan gəlir. Məhz bu dili mükəmməl bilməsi sayəsində Paris mühitinə tezliklə alışır. Qəhrəmanlıqla miqrantın əlindən xilas etdiyi Suzannanı klassik və müasir fransız yazıçıları haqqındakı bilgiləri ilə təəccübləndirir.

Yazıçı Ülvi vasitəsilə oxucusuna fransız ədəbiyyatının klassikləri - Hüqo, Zolya, Mopassan, Düma, Rasin, Kornel ilə yanaşı, A.Sent Eksüperi, Pol Eluar, Pier Emanuel, Mişel Uelbek, Giyon Mussonun yaradıcılığı və əsərləri haqqında maraqlı məlumatlar verir və bir növ oxucusunu maarifləndirir.

Oxucuda müasir Fransa ədəbiyyatı haqqında təəssüratı bir kafenin təsviri ilə yaradır. Əsərin qəhrəmanı Suzannanın dilindən Fransada yaşanan xaosu bu cür təsvir edir: ""Fleur", sənin neylədiyindir? Sən axı Parisin ən elit klublarından birisən, bu nə qarışıqlıq, nə basabasdır? Bu nə alkoqol seli, nə siqaret tüstüsüdür? Bu qədər miqrant haradan belə? Axı əvvəllər bu şeylərə nəzarət olunurdu, pandemiya dönəmində nəzarət ikiqat artırılmaqdansa, bu nə dərəbəylikdir belə?

Özü-özünə, canlı adamla danışırmış kimi, "Fleur"la danışmaqdaydım".

"Paris üçbucağı"nın baxış bucağının biri məhəbbət, digəri cəmiyyət və onun problemləri idisə, bir bucağı da siyasət idi. Məhz bu siyasətin nəticəsində dünyanın bir çox ölkələrinə səpələnmiş və qadınlarının hesabına nəsillərini artıran ermənilər, hər yerdə məzlum, haqqı tapdalanan, əzilən bir millət kimi təqdim olunur.

Yazıçı erməni xislətini Ermənistan-Azərbaycan müharibəsi (N.S. - mən bunu münaqişə yox, müharibə adlandırıram) kontekstində verməyi məharətlə bacarır. Ermənistan-Azərbaycan müharibəsi, yəni Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı əsərin əvvəlində müəllif tərəfindən verilən epiqrafda öz əksini tapır: "Hər hansı birinin sənə nifrət etməsinin əsl səbəbi sənin kimi olmaq istədiyi, əsla sənin kimi ola bilməyəcəyini bilməsidir". (V.Hüqo).

Ermənilər də əskik taleləri ilə heç cür barışa bilmirlər və bu səbəbdən Azərbaycan xalqı haqqında ağızlarına gələn hədyanı deyirlər. Fransa kimi Avropa mədəniyyətinin beşiyi olan bir ölkədə Suzannanın dilindən Azərbaycan xalqı haqqında bu sözləri eşitmək Ülvi üçün çətin idi.

"Suzanna:

"- Düzü, azərbaycanlı və türk olmağınızı istəməzdim.

Təəccübləndim:

- Niyə? - dedim:

- Erməni xalqına qarşı həyata keçirdiyiniz soyqırımılara görə, 1915-ci ildə Türkiyədə qədim erməni əyalətlərində, 1988-ci ildə isə Azərbaycanda - Sumqayıtda minlərlə erməni qırmısınız və düzü, mən sizlərin qəddar, əzazil, rəhmsiz obrazlarınızı ayrı cür təsəvvür edirdim".

Demək olar ki, bir çox fransızlar da Suzanna kimi, azərbaycanlılar haqqında belə düşünürlər.

Ülvi gülümsəyərək Suzannaya: "amma məncə, həmişə hadisələrə üçüncü tərəfin gözü ilə baxmaq lazımdır. Azərbaycanlılar və ermənilər qovğa edirsə, kimin haqq, kimin nahaq olması nə azərbaycanlı, nə də erməni mənbələrində obyektiv şərh edilə bilməz. Əlbəttə, prosesə neytral olan mənbələrdən nəzər yetirmək kifayət edər".

Ülvinin dilindən Adəm İsmayıl Bakuvi A.Dümanın, Puşkinin, Qriboyedovun, Uilsonun və bir çox Avropa yazarlarının əsərlərindən gətirdiyi sitatlarla Suzannanın düşüncələrini alt-üst etdi.

Oxucusuna əsərin əvvəlində müəllif tərəfindən azərbaycanlıların, yəhudilərin, fransızların, ərəblərin və hətta ermənilərin adlarını çəkməklə obrazları müşahidə etmək və hadisələrin gedişatı zamanı hər xalqın özünəməxsusluğunu kəşf etmək marağı doğurur. Yazıçı oxucunu da maarifləndirmək nöqteyi-nəzərindən hər hansı bir hadisəyə münasibəti ağızdan alınan sözlərlə yox, faktlarla təsdiq etməyi məsləhət görür. Necə ki, Suzannanın azərbaycanlılar haqqındakı təsəvvürü nənəsi Narinenin sözlərindən formalaşmışdı. Narine tipik erməni xalqının bir nümayəndəsidir, şovinist, yalançı, istədiyini əldə etmək üçün, hətta əxlaqsızlığa da hazır olan bir insandır. Təsadüfi deyil ki, Puşkinin, Dümanın, Tasitin erməni xalqı haqqında yazdıqlarından sitat gətirən Ülvinin sözləri Suzannaya tez çatdı, ona görə ki, bu keyfiyyətlərin hamısını nənəsinin simasında görürdü.

Əsərdə yazıçı 44 günlük müharibədən qələbə ilə çıxan, torpaqlarını qanı bahasına azad edən bir xalqın nümayəndəsi olan Ülvinin Suzanna ilə qovuşmasını və sonda beynəlmiləl bir ailənin yaranmasını göstərir. Yazıçı Ülvinin simasında müharibəyə nifrətlə baxan, içindəki hirsi boğaraq dilindən, irqindən asılı olmayaraq sevib-sevilməyi bacaran bir xalq olduğumuzu göstərə bilir. Əsərdə Ülvinin beynəlmiləl xarakteri önə çıxır.

Əsər haqqında daha geniş yazmaq olardı, əsərdəki bir çox məqamları, amma belə düşündüm ki, oxucunu intizarda saxlamaq üçün və əsərə maraq yaratmaq üçün qeyd etməyim.

Adəm İsmayıl Bakuviyə uğurlar arzulayır və oxuculara informasiyalarını artırmaq və maariflənmək üçün bu əsəri oxumağı məsləhət bilirəm.