"Hadrut, sən azadsan!" filmi təqdim edilib - FOTO

Nizami kino Mərkəzində Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş "Hadrut, sən azadsan!" sənədli filminin təqdimat mərasimi baş tutub.

Aznews.az xəbər verir ki, təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, mədəniyyət nazirinin müavini Murad Hüseynov, mədəni-ictimai xadimlər, Müdafiə Nazirliyinin əməkdaş və nümayəndələri, həmçinin media mənsubları iştirak edib.

Qeyd edək ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüseri olduğu film 44 günlük Vətən Müharibəsinin parlaq səhifələrindən biri olan Hadrut şəhərinin düşmən işğalından azad olunması əməliyyatından bəhs edir.

Filmdə 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Əməliyyata qərar verilməsindən əməliyyatın sona çatmasına qədər proseslər bütün detallarına qədər real olaraq canlandırılıb.

Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə birbaşa iştirak etmiş döyüşçülər filmdə yer alıb. Film boyu real döyüş kadrları ilə bərabər, bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.