• Mahal
  • 12 İyul 2019 15:22
  •  1 776

Ucqar kənd müəllimi şagirdlər üçün "Yay məktəbi" təşkil etdi - VİDEO

"Yay məktəbi" 19 iyuladək davam edəcək

Astara rayonunun Ə.Əliyev adına Qapıçıməhəllə kənd orta məktəbində “Yay məktəbi” təşkil olunub.

Bu təşəbbüsü irəli sürən tarix müəllimi Həbib Əlizadə AzNews.az-a açıqlamasında bildirdi ki, əsas məqsəd şagirdlərin yay müddətində daha maraqlı, səmərəli vaxt keçirmək, kitablardan uzaq düşməmək, bununla bərabər həm də əylənməkdir.

O, yay məktəbinin iyunun 24-dən başlandığını dedi:

"Mənim könüllü təşəbbüsüm direktor Elnur Quliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu işdə direktor müavini İlahə Məmmədova, məktəbin fiziki tərbiyə müəllimi Salam Quliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi Əli Cəfərov və digər müəllimlər də yaxından iştirak edirlər. "Yay məktəbi" çərçivəsində şagirdlər üçün həftə içi hər gün saat 17:00-dan 20:00-dək məktəb ərazisində bədii kitab oxuma, basketbol, voleybol, stolüstü tennis, xəritə-pazl, dama, velosiped və digər müxtəlif əyləncəli oyunlar təşkil edilir. "Yay məktəbi" 19 iyuladək davam edəcək”.

Həbib Əlizadə qeyd etdi ki, dünyanın bir çox ölkələrində yay məktəbi proqramı mövcuddur:

"Biz də könüllü olaraq buna təşəbbüs etdik və şagirdlər də bunu olduqca yaxşı qarşıladılar. Məlumat üçün deyim ki, Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinə də "Voltran" robototexnika üzrə "Yay məktəbi" layihəsi təqdim etmişdim və həmin layihə də qalib oldu.

Bu layihə hazırda könüllü təşəbbüslə keçirdiyimiz əyləncəli yay məktəbindən tam fərqlidir, sırf robototexnika üzrə olacaq və avqustun ortalarından başlayacaq".

Səidə Vahid

AzNews.az