• Mahal
  • 7 Sentyabr 2020 18:43
  •  1 642

Gəncənin iki rayonu ləğv edilə bilər

Dövlət idarəçiliyinin optimallaşdırılması, dövlət xidmət sektorunun keyfiyyətinin davamlı olaraq yüksəldilməsi ictimai rifahın və məmnunluğun təmin olunmasına hesablanmış təsirli addımlardır

“1980-ci ildə yaradılan Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradar”.

AzNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputat seçilmiş Naqif Həmzəyev deyib. O qeyd edib ki, bu təşəbbüs vətəndaşların rahatlığını, məmnunluğunu təmin edəcək:

“Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, demokratik prinsiplərin daha da inkişaf etdirilməsi dövlət idarəçiliyi ilə ictimaiyyət arasında əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirib. Bu isə, öz növbəsində, dövlət idarəçiliyinin xalqın istək və gözləntilərinə uyğun həyata keçirmək imkanlarını genişləndirir. Dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi daim Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsi olub. Ölkəmizdə həyata keçirilmiş geniş struktur islahatların əsas nəzərəçarpan tərəflərindən biri də ondan ibarət oldu ki, fəaliyyətini ölkəmizin müasir inkişaf templəri ilə uyğunlaşdıra bilməyən, bir sıra dövlət idarəetmə institutları və oxşar funksiyaları həyata keçirən dövlət orqanları ləğv olundu. Bunlar idarəetmənin optimallaşdırılması yolunda olduqca təsirli addımlardır. Nəzərə almaq lazımdır ki, bu addımlar həm də bürokratiyanın azaldılması, dövlət vəsaitlərinə qənaət edilməsi baxımından olduqca əhəmiyyətlidir. Dövlət idarəçiliyinin optimallaşdırılması, dövlət xidmət sektorunun keyfiyyətinin davamlı olaraq yüksəldilməsi ictimai rifahın və məmnunluğun təmin olunmasına hesablanmış təsirli addımlardır. 1980-ci ildə yaradılan Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradar. İdarəçiliyin şəhərdə bir mərkəzdən həyata keçirilməsi isə vətəndaşların rahatlığını, məmnunluğunu təmin edər, onların müraciətlərinə baxılma mexanizmi sadələşdirər, problemlərin daha çevik şəkildə həll olunmasını təmin edər. Sözsüz ki, bu da idarəetmə sistemində çox pilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halları aradan qaldırar”.