Cəlilabadda hər kəs bu olaydan danışır: Qatil 9 il sonra tutuldu

Baş Prokurorluq 9 il əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsinin müəyyən olunması barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti də hadisə barədə məlumat yayıb.

Məlumatda bildirilib ki, PX-nin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində uzun illər bağlı qalmış cinayətin üstü açılıb.

2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın əvvəllər məhkum olunmuş Elnur Nizami oğlu Eynullayev tərəfindən qətlə yetirilməsi məlum olub.

X.Xəlilovanın meyiti Göytəpə qəsəbəsində istifadəsiz tikilidə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan isə bildirilib ki, polis və Penitensiar Xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub.

O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

AzNews.az