- Mahal
- 16:35
- 1 764
Füzulidə "m10" və Milliön Telesatış mərkəzi istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi və "PashaPay" MMC-nin birgə təşkilatçılığı ilə "Qayıt İş" layihəsi çərçivəsində Füzuli şəhərində "Bir ekosistem" daxilində "m10" və Milliön Telesatış mərkəzinın açılışı olub.
Aznews.az xəbər verir ki, açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, "Bir ekosistem"in rəsmi nümayəndələri olan "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov və "PashaPay" MMC-nin baş icraçı direktoru Samir Məmmədov iştirak ediblər.
Mərkəzdəki iş masalarında, o cümlədən "m10" Çağrı mərkəzində xidmətlərin göstərilməsi prosesi izlənilib.
Bu layihə dövlət və özəl sektor əməkdaşlığının daha bir uğurlu nümunəsi kimi qeyd edilib. Bildirilib ki, layihənin bir qolu olan "Qayıt İş" layihəsi işğaldan azad edilmiş ərazilərin sakinləri üçün dayanıqlı iş yerləri yaratmaq məqsədi daşıyır.
Bu cür layihəhələrin bölgələrdə həyata keçirilməsinin sosial-iqtisadi inkişaf proseslərinə, rəqəmsal ödəniş xidmətlərinin genişlənməsinə töhfə verməyə hədəfləndiyi vurğulanıb.
Mırkəzin açılması ilə Füzuli şəhərinə qayıdan sakinlərdən 14 nəfərin Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında "m10" və Milliön Telesatış mərkəzində işlə təmin edilib. Yaxın vaxtlarda mərkəzin işçilərinin sayının 20 nəfərə çatdırılması nəzərdə tutulur.
"PashaPay" MMC tərəfindən namizədlər üçün rəqəmsal ödəniş sistemləri, müştəri xidmətləri və telesatış sahələri üzrə peşə və yumşaq bacarıqların inkişafına yönəlmiş təlimlər də təşkil olunur.
Azad edilmiş ərazilərə köçürülmüş vətəndaşların doğma yurd yerlərində məşğulluğunun təminatına yönələn birgə layihələrin qarşıdakı dövrdə də davam etdiriləcəyi bildirilib.