Dünyanın sonu ilə baglı bunkerdə yerlər satılır

İnternet-auksionda 2 gün ərzində Krasnoyarsk şəhərinin mərkəzi rayonunda yerləşən bunkerdə dünyanın sonu olacağı təqdirdə gizlənmək üçün 500 min rubla yerlər satılıb. Satış polis əməkdaşları işə qarışmayanadək davam edib.

Elanda deyilir: "2012-ci ilin dekabrın 21-də dünyanın sonudur. Lakin hamı məhv olmayacaq. Sizin sağ qalmağınız üçün unikal imkanınız var. Biz sizə bunkerdə yerlər təklif edirik. Yerləri 60 yaşadək olan hər bir kəs ala bilər. Sizin həyatınızın xilası üçün 500 min rubl (kişilər üçün), 300 min rubl (qadınlar üçün), 100 min rubl (7 yaşadək uşaqlar üçün)".

Bir qədər sonra "satışı" təşkil edən şəxs bəyan edib ki, bu bir zarafatdır və onun "toruna" düşənlərin pulu qaytarılacaq.
Satıcının sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşlarının işə müdaxiləsi olmasaydı, bu zarafat bir qədər də uzanacaqdı.

Son müraciətində kişi yazıb: "Əziz dostlar, iki gün mənimlə əyləndiyinizə görə sizə təşəkkür edirəm. Təəssüf ki, aramızda yumoru olmayan insanlar da var. Bilin ki, dünyanın sonu olmayacaq. Hamınıza təşəkkür edirəm".

AzNews.az