Martın 23-də Ay tutulacaq

2016-cı ilin ilk Ay tutulması hadisəsi martın 23-də qeydə alınacaq.


AzNews.az Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə məlumat verən AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun sözlərinə görə, ilk Ay tutulması saat 13:42-də başlayacaq, hadisənin maksimumu 15:48-də olacaq, 17:54-də isə başa çatacaq. Bu tutulmalar kölgəvari sayıldığından bu prosesi gözlə görmək mümkün olmayacaq. Tutulma Sakit Okean, Asiya, Avstraliya, Meksika, Cənubi Amerika və Antraktidada müşahidə olunacaq.

X.Mikayılov bildirib ki, növbəti Ay tutulması isə sentyabrın 16-da qeydə alınacaq. Başlanğıcı saat 21:57-də olacaq hadisə 23:55-də maksimumda olacaq, saat 01:54-də isə başa çatacaq: "Bu təbiət hadisəsi də yarım kölgəvari Ay tutulmasıdır.

Azərbaycandan bu tutulmanı qismən də olsa müşahidə etmək mümkün olacaq".