Bolqarıstandakı səfirimizdən qərəzli məqaləyə - Cavab

Bolqarıstanın www.fakti.bg internet portalında Ermənistanın Bolqarıstandakı səfirliyi tərəfindən ölkəmizin əleyhinə “Dağlıq Qarabağ Azərbaycanın tərkibində gələcəyə malik deyil” başlığı altında yerləşdirilən qərəzli məqaləyə cavab olaraq, eləcə də aprelin 2-də təmas xəttində erməni silahlı qüvvələrinin təxribatı barədə məlumatı Bolqarıstan ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanova həmin portala müsahibə verib.


Müsahibədə səfir Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan Respublikasının ərazilərinin hərbi yolla işğalının heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcəyini, Ermənistanın silahlı təxribatı nəticəsində qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinə görə bu ölkə tərəfindən Azərbaycanın günahlandırılması cəhdinin öz vətəndaşlarını və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığı qeyd edib. O, vurğulayıb ki, Azərbaycan ərazilərinin hərbi işğalı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ola bilməz və Ermənistan nə qədər tez bu reallıqla barışsa münaqişə bir o qədər qısa müddətdə həllini tapar və region ölkələri iqtisadi inkişaf və əməkdaşlıq perspektivlərini əldə edə bilər. Səfir Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin hərbi və maliyyə dəstəyi əldə etmək məqsədilə erməni diasporu və xarici vətəndaşlara müraciət edərək pul köçürmələri üçün bank hesabları açdıqlarını nəzərə çatdırıb. Separatçı rejimin qondarma "maliyyə nazirliyi"nin internet səhifəsinə istinadən dram, dollar, avro və rubl ilə hesablar açılaraq, beynəlxalq banklar vasitəsilə maliyyə yardımı üçün köçürmələr həyata keçirdiyi iddia edilsə də, separatçı rejimin qondarma "baş nazirinin müavini" öz facebook səhifəsində bu maddi yardımın məhz silah almaq üçün xərclənəcəyini yazıb. Səfir, həmçinin Ermənistanın silahlı qüvvələrinin 1949-cu il Cenevrə konvensiyası və onun protokollarını, həmçinin silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-ci il Haaqa konvensiyasının müddəalarını kobud şəkildə pozduğunu bolqar ictimaiyyətin diqqətinə çatdırıb. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 6 mülki şəxsin, onların arasında 16 yaşınadək 2 uşağın öz evlərində öldürüldüyünü, 24 mülki şəxsin yaralandığı və əlil qaldığını qeyd edən səfir əsas mülki infrastruktur, o cümlədən özəl və dövlət müəssisələrə ziyan dəydiyini və 206 fərdi ev, 30 məktəb, bir məscidin dağıdıldığını vurğulayıb. Diplomat, həmçinin bildirir ki, aprelin 3-də, Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs çağırışlarına məhəl qoymayaraq aprelin 5-dək Azərbaycanın təmas xətti boyunca mövqelərini və mülki əhalinin yaşadığı məntəqələri artilleriya daxil olmaqla ağır silahlardan atəşə tutub. Səfir müsahibəsində SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkibinə daxil olmadığına dair erməni tərəfinin əsassız iddialarına da cavab verib.

Azərtac.az