- Köhnə - Dünya
- 17 May 2017 14:19
- 5 046
Yunanıstanda kütləvi tətillər başladı – Nəqliyyat iflic oldu
Yunanıstanın paytaxtı Afinada nəqliyyat içiləri – avtobus sürücüləri və dəmiryol işçiləri tətil ediblər.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb hökumətin sərt iqtisadi islahatlar aparmaq barədə planı olub.
Yaranmış vəziyyətlə əlaqədar insanlar saatlarla dayanacaqlarda növbə gözləyiblər.
Eyni zamanda, hava nəqliyyatı işçiləri də tətil edəcəklərinə dair xəbərdarlıq ediblər.
Yunan hökuməti beynəlxalq kreditorlardan maliyyə dəstəyi almaq üçün sərt iqtisadi islahatlara getmək məcburiyyətindədir. Əks halda hökumətin vətəndaşlara olan borclarını ödəmək imkanı məhdudlaşacaq.
Rəsmi Afina islahatlarla bağlı qanun layihəsini qəbul etməklə beynəlxalq kreditorlardan 86 milyard avro əldə edəcək. Qanun layihəsi parlamentdə səsverməyə çıxarılıb. Layihə qəbul olunacağı təqdirdə Avrozonanın maliyyə nazirləri Yunanıstana növbəti pul tranşının köçürülməsi məsələsini müzakirəyə çıxaracaqlar. Məsələ mayın 22-sində keçiriləcək Avroqrupun növbəti iclasında müzakirə olunacaq.
İslahat tədbirləri çərçivəsində Yunan hökumətinin 2019-cu ildə təqaüdləri azaltması da gözlənilir.
Bəxtiyar Abbasov
AzNews.az