Ermənilərin törətdikləri təxribatla bağlı Almaniya Bundestaqına müraciət edildi

Almaniyanın Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı Almaniya Bundestaqına müraciət ediblər.

AzNews.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumu zamanı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın ağır yaralanmasını Bonn şəhərində yaşayan azərbaycanlılar qətiyyətlə pisləyirlər.

Müraciətdə qeyd olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də, münaqişə zonasında erməni silahlı birləşmələrinin ağır silahlarla mülki əhaliyə qarşı hücumlar etməsi beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz qalmamalıdır: "Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, hücum zamanı həyatlarını itirənlərin yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik".

Müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, 2016-cı ilin aprel ayında təcavüzkar dövlətin təmas xəttindəki təxribatları haqqında da məlumat verilib. Qeyd edilib ki, bu əməllərlə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini bir daha sübut edir.

Müraciətdə bildirilir ki, Alxanlı kəndində baş verənlər Ermənistan hakimiyyətinin yürütdüyü işğalçı siyasətin bariz nümunəsidir: "Bu siyasət bu gün də Sarkisyanın rəhbərliyi altında davam etdirilir”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

AzNews.az