Avtomobillər smartfonlarla idarə olunacaq? - Foto

Böyük İT şirkətləri və avtomobil istehsalçılarından ibarət “Car Connectivity Consortium” (CCC) şirkəti “Digital Key” açıq standartının ilk versiyasını təsdiq edib.

AzNews.az ICTnews-a istinadən xəbər verir ki, yeni özəllik smartfon, “ağıllı” saat və digər qurğuların avtomobilin təhlükəsizlik sistemi ilə simsiz inteqrasiyasını nəzərdə tutur.

Avtomobillərdə qapıları açmaq və bağlamaq, eləcə də mühərriki işə salmaq üçün rəqəmli açarlardan istifadə yenilik olmasa da, konsorsium bu imkanı bütün bazar iştirakçılarının yararlana biləcəyi açıq, ümumi standart səviyyəsində həyata keçirməyi təklif edir.

Təşkilata onlarla şirkət, o cümlədən “Audi”, “BMW”, “Apple”, “LG”, “Qualcomm”, “Samsung”, “GM”, “Hyundai” və “Volkswagen” üzvdür. “Digital Key” standartının qəbulu o deməkdir ki, müştərilər istənilən tip qurğu vasitəsilə bütün markalı avtomobillərdən istifadə imkanı əldə edəcəklər. Lakin “Google” və “Microsoft” şirkətləri təşəbbüs iştirakçısı deyil.

Məlumata görə, standarta xüsusilə icarə və avtomobillərdən birgə istifadə xidmətləri təklif edən şirkətlər arasında tələbatın böyük olacağı gözlənilir. “Digital Key” uyğunluq barədə düşünmədən rəqəmli açarları paylaşmaq, vermək və idarə etmək üçün imkan yaradacaq.

“Digital Key Release 1.0” məlumatların etibarlı ötürülməsini təsvir edən ilk spesifikasiya versiyasıdır. Avtomobil və smartfon arasında standartlaşdırılmış autentifikasiya protokolunu əks etdirən növbəti - “Release 2.0” versiyasının təqdimatı 2019-cu ilin birinci rübünə planlaşdırılır.