Almaniya Marsda pomidor yetişdirməyi planlaşdırır

Almaniyada kosmik oranjereyanın uçuşuna hazırlıq aparılır. Bir il – ilyarımdan sonra oranjereyada Marsa uçuş üçün nəzərdə tutulan pomidorlar yetişməlidir. Cəmi bir neçə il keçəcək və indiyədək fantastik görünən missiya – Marsa uçuş reallığa çevriləcək.

AZƏRTAC dpa agentliyinə istinadla xəbər verir ki, hazırlıq işləri aparılan bu missiyada, həmçinin Almaniya Aerokosmik Tədqiqatlar Mərkəzinin (DLR) Bremen bölməsi iştirak edir. Ciddi problemlərdən biri astronavtların nə ilə qidalanacağı məsələsidir. Belə ki, Marsa uçuşun müddəti 7-8 ay çəkəcək, geriyə uçuş da bir o qədər vaxt aparacaq, habelə “Qırmızı planet”də qalmaq müddətini nəzərə almaq lazımdır. Təkcə tübikdəki kosmik yeməklə ötüşmək olmaz, bütün missiya dövrü üçün ərzaq ehtiyatı götürmək mümkün deyil, çünki bu, həddən artıq yer tələb edəcək. Eyni zamanda, Marsdakı elmi-tədqiqat stansiyasının uzunmüddətli sakinlərinin ərzaqla təchizatı üzərində düşünmək lazımdır; onlara Yerdən yemək göndərmək real deyil.

Çıxış yolu var: astronavtlar kosmik gəminin göyərtəsində, sonra isə Marsda tərəvəz, kahı, göyərti yetişdirsinlər. Belə kosmik bostan çox yer tutmayacaq. Artıq bunu Antarktidada DLR-in layihəsi göstərib. Almaniyanın Neumayer III qütb stansiyasının yanında torpaqsız, aeroponika adlı texnologiya üzrə oranjereya var. Orada kahı, turp, xiyar, daş kələm... yetişdirilir. Onların dadı adi şəraitdə əkilən tərəvəzlə eynidir. Dünyanın yerdə qalan hissəsindən, o cümlədən təzə tərəvəzdən bir neçə aydır uzaq düşən qütbçülər hər halda belə söyləyirlər.

Əsl kosmik oranjereya orbitə Falcon 9 ilə göndəriləcək. Hazırda Bremendə buna hazırlıq işləri tam qaydası ilə gedir. Eu:CROPIS – Avropanın kiçik peykinin uçuşuna hazırlıq aparılır; onun gövdəsində pomidor şitili əkiləcək. Peyk il ərzində Yerin ətrafında 600 kilometr hündürlükdə dövr edəcək.

On il əvvəl Hannoverdən olan botaniklər ilk dəfə olaraq çəkisizlik mühitində bitkinin kök atmasını tədqiq ediblər: Beynəlxalq Kosmik Stansiyada xüsusi gübrəli “divar” quraşdırılıb. 2016-cı ildə NASA artıq əsl kosmik “lək”i sınaqdan keçirib. Doğrudur, o zaman sinniyanın açılmış çiçəklərini Beynəlxalq Kosmik Stansiyanın ekipajı yeyə bilməsə də, bitkinin çəkisizlik mühitində çiçəkləməsi praktik olaraq yoxlanılıb. Məlumdur ki, pomidor da əvvəlcə çiçək açır.

Bioloq Mixael Lebert dpa informasiya agentliyinə kosmosda, Ayda və Marsda pomidor və digər bitkilər yetişdirmək üçün qapalı ekosistem yaradılmasından danışıb. Onun sözlərinə görə, işıqla bağlı (pomidora çox işıq lazımdır) problem olmayacaq. Bəs oksigen və qida maddələri necə olacaq? Oksigen hasili üçün xüsusi bakteriyalardan istifadə ediləcək, gübrə isə... xüsusi filtrlərin köməyilə astronavtların sidiyindən əldə olunacaq. Başqa variant yoxdur. Lakin ekipaj öz menyusuna təzə pomidor əlavə edəcək.

AzNews.az