İsrail tərəfindən vurulan Suriya təyyarəsinin pilotu ölüb

Bu gün İsrail ordusu tərəfindən vurulan, Suriyaya məxsus “Su-22” bombardmançı təyyarəsinin pilotlarından biri ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Al Masdar” xəbər portalına Suriyadakı hərbi mənbə bildirib. İkinci pilotun taleyindən hələlik xəbər yoxdur. Ölən pilot Omran Murai adlı polkovnikdir.

Qeyd edək ki, İsrail ordusu bu gün Suriya hərbi təyyarəsinin “Patriot” hava-raket hücumundan müdafiə kompleksi ilə vurulduğunu açıqlayıb. İsrail tərəfi təyyarənin ölkə hava məkanını pozaraq 2 km irəlilədiyini bildirir. SANA agentliyi isə təyyarənin Suriya havaməkanında olduğunu və Yarmuk vadisindəki Sayda yaşayış məntəqəsi yaxınlığında terrorçuları bombaladığını iddia edir.