Kataloniyanın ali təhsil sistemi İspaniyada birincidir

BBVA bankının fondu və Valensiya İqtisadi Tədqiqatlar İnstitutu (İVİE) altıncı dəfə apardığı U-Ranking adlı illik araşdırmaya yekun vurub.

Məlum olub ki, Kataloniyanın ali təhsil sistemi İspaniyada ən səmərəli sistem kimi qalmaqdadır. Bu sistemin əsa göstəriciləri İspaniya üzrə orta göstəricilərdən 20 faiz yüksəkdir. Kantabriya sistemi Kataloniyadan bir qədər geri qalır (+18 faiz). Bu iki regional sistem İspaniyada bütün digər ali təhsil sistemlərindən, o cümlədən Valensiya, Madrid, Navarra, Balear adaları, Araqon və Qalisiya sistemlərindən xeyli irəlidədir.

AZƏRTAC xəbər verir ki, ali təhsil sistemlərinin reytinqi tərtib edilərkən tədrisin keyfiyyəti, təhsil prosesinə müasir texnologiyaların və innovasiyalı təlim metodikalarının tətbiqi, həmçinin ali məktəblərin peşəyönümlülüyü, yəni tələbat olan mütəxəssislərin hazırlanması kimi amillər nəzərə alınıb. Bütövlükdə İspaniyanın 61 universiteti (onlardan 48-i dövlətə məxsus, 13-ü özəl ali məktəblərdir) hərtərəfli öyrənilib və 25 müxtəlif göstərici əsasında bu ali məktəblərin fərdi reytinqi hesablanıb.

Barselonadakı Pompeu Fabra Universiteti ardıcıl olaraq dördüncü ildir ki, bu siyahıda birinci yeri tutur. İkinci və üçüncü yerləri Madriddəki III Karlos adına universitet və Kataloniya Politexnik Universiteti bölüşür. Sonra Valensiya Politexnik Universiteti gəlir.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, İspaniyadakı özəl ali məktəblərin üstünlüyü tədrisin yüksək səviyyəsidir. Dövlət universitetləri isə təhsil prosesinə innovasiyalı metodların və yeni texnologiyaların tətbiqi sayəsində fərqlənir.

AzNews.az