ABŞ İrana qarşı sanksiyaların tətbiqinə başladı

ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasından çıxdıqdan sonra İrana qarşı sanksiyaları davam etdirməyə başladı. Bunların sırasında İranın ABŞ dolları əldə etməsi, dövlət istiqrazlarını satması, qızıl, polad, alüminium, kömür kimi yeraltı sərvətlərlə ticarəti, sərnişin təyyarəsi və ya onun ayrı-ayrı hissələrini idxal etməsinin qarşısını alan məhdudiyyətlər yer alıb. Sanksiyalar paketi Vaşinqton saatı ilə 00:01-dən etibarən qüvvəyə minib.

AzNews.az xarici mətbuata istinadən yazır ki, ABŞ xarici şirkətlərin İranın avtomobil sektoruna daxil olması, ölkənin əl işi xalçaları və fıstıq kimi qida məhsullarının ABŞ-a ixrac olunmasına da embarqo qoyulub.

Noyabrın 5-dən qüvvəyə minəcək energetika sektoruna aid sanksiyaların son vaxtlarda böhranın eşiyində olan İran iqtisadiyyatına da böyük zərər vuracağı bildirilir. İranın əmək naziri Əli Rəbii “sanksiyalar nəticəsində bir milyon iranlı işsiz qala bilər” – deyə, vurğulayaraq ABŞ-ın birtərəfli addımının ölkəsinə xeyli qazanc gətirəcəyini açıqlayıb.

ABŞ prezidenti İrana qarşı sanksiyaların qüvvəyə minməsi ilə bağlı dünənki açıqlamasında ölkənin bu işə tam şəkildə ciddi yanaşacağını və İranla münasibətlərini sonlandırmayanların problemlərlə üzləşəcəyini qeyd edib. O, bir sıra beynəlxalq şirkətlərin İran bazarından çıxması ilə bağlı məmnunluğunu bildirib. “Biz bütün dövlətləri ya İran rejiminin təhdidlə dolu və qeyri-sabit vəziyyət yaradan fəaliyyətlərini dəyişdirərək qlobal iqtisadiyyatla yenidən bütünləşmək, ya da iqtisadi təcrid durumunda qalmaqla üz-üzə olduqlarını göstərəcək addımlar atmağa dəvət edirik” deyib.

Nurlan AĞA
AzNews.az