İrandakı son nümayişlər və sanksiyaların yeni dalğası

Tramp hökumətinin ABŞ-ın İran və “5+1” ölkələri tərəfindən imzalanmış nüvə anlaşmasından birtərəfli olaraq çıxmasından sonra tətbiq olunacaq sanksiyaların ilk mərhələsinin başlanacağı 6 avqust tarixi arxada qaldı.

Dünəndən etibarən ABŞ-ın sanksiyalarına görə, qızıl alış-verişi, avtomobil, təyyarə, mədən, kompüter və proqram kimi sahələrdə İrana məhdudiyyətlər tətbiq olunacaq. ABŞ sanksiyaların bütün ölkələr tərəfindən dəstəklənəcəyini gözlədiyi halda, tərəddüd edənlərə qarşı “nəticələrinə də dözəcəklər” şəklində təhdid yağdırmaqdan da geri qalmır. Maraqlısı isə odur ki, avqustun 6-sı və daha geniş sanksiyaların tətbiq olunacağı 4 noyabrdan əvvəl İranda nümayişlər başlanıb. Bir həftədir ki, şəhər və qəsəbələrdə nümayişlər təşkil olunur. Əvvəlki ilin dekabrında olduğu kimi bu dəfə də nümayişçilər öz şüarları ilə rejimin təməllərinə hədəfləniblər.

Əslində sanksiyalardan qabaq insanların küçələrə axın etməsini gündən-günə ağırlaşan iqtisadi vəziyyətin xalqın yaşayışına təsir etməsindən çox, psixoloji ümidsizliyin kütləyə hakim olması kimi dəyərləndirmək daha doğrudur. Çünki geniş həcmli sanksiyalar başlamamış və İranın neft satışı sahəsində son beş ildə lider olduğu bir durumda bu nümayişlərin qaynağı ölkədə valyutanın yüksəlməsindən doğan panikadır. Başqa sözlə, noyabrdan etibarən İranın neft ixracatında ciddi şəkildə özünü göstərəcək azalma, xüsusən, ölkəyə valyuta mübadiləsinin qadağan olunacağı ancaq növbəti ilin büdcəsinə önəmli təsir göstərəcək. İqtisadiyyatın böyük hissəsinə dövlət nəzarətinin mövcud olması səbəbindən hökumət Obamanın prezidentliyi dövründə tətbiq olunmuş sanksiyalardakı kimi nəticələrin xalqa təsirini bacara bildiyi qədər azaldacaq və gecikdirəcək. Bu halda küçələrdəki insan axınını necə şərh etmək olar?
Əvvəla, bildirmək lazımdır ki, Ruhani hökuməti Əhmədinejadın ikinci prezidentliyi dövründəki sanksiyalardan dolayı yaranmış iqtisadi problemlər hələ də tam şəkildə həll olunmayıb. İranın dövlətyönlü və qarışıq iqtisadi quruluşu səbəbindən problemlərin xalqa əks olunması gecikdirilməkdədir. Nüvə anlaşmasının gətirdiyi xoş niyyət və müsbət durum iqtisadi problemlərin həlli yönündə həm xalqa, həm də hökumətə dəstək xarakteri daşımış və İrana xarici sərmayələrin artması ilə 1-2 il ərzində bütün iqtisadi məsələlərdə böyük gözləntilər doğurmuşdu. Lakin Trampın ölkə başçısı olması və müqavilədən çıxması gözləntiləri birdən-birə yerlə-yeksan etdi.

Xalqdakı xəyal qırıqlığı

Bununla bərabər, küçə nümayişləri və dolların qalxmasına tək səbəb əvvəlki sanksiyalardan qaynaqlanan iqtisadi böhran deyil. Trampın anlaşmadan çıxdığı vaxt “tarixdəki ən ağır sanksiyaları tətbiq edəcəyik” şəklindəki təhdidi həm iranlı, həm də xarici sərmayədarlar tərəfindən ciddi qəbul olunmuş, nəğd, hətta daşınmaz əmlakın dollar və qızıla çevrilməsi küçələrə axışmış xalq arasında da geniş yayılmışdı. Bu səbəbdən Trampın prezident seçildiyi vaxt 1 dollar 3.500 tümənə yaxın məbləğdə olduğu halda, bir il ərzində bu göstərici 12.000 tümənə qədər yüksəlib. İlk şokdan sonra dollar 10.000 tümənə qədər azalsa da, həmin müddətdə ölkədən çıxan əmlak sayı da çoxalıb. Bütün bunlar İranın Venesuelaya oxşar bir çöküş yaşayacağı ehtimallarını artırıb və xalqın münasibətinin küçələrdə əks olunmasına gətirib çıxarıb. Digər tərəfdən də su və işıq verilişində fasilələrin yaranması isti yay günlərində camaatın vəziyyətini ağırlaşdıraraq iqtisadi böhrana duz səpib, son hədd yaşanıb.

Nümayişlər zamanı şüarlardan da bəlli olur ki, protestoların artmasına başqa bir əsas səbəb Ruhani hökumətinə inamın olmamasıdır. Onun xarici ölkələrlə yaxşı əlaqə yaradacağı ümidləri ilə seçildiyi 2013, xüsusən, nüvə anlaşmasının imzalandığı 2015-ci ildə şəhər əhalisi olan orta təbəqədə yaranmış böyük gözləntilərdən əsər-əlamət qalmayıb və ölkədə əsaslı dəyişikliklərin gərəkdiyi düşüncəsi yaranmağa başlayıb.

Türkiyənin mövqeyi

ABŞ-İran əlaqələrinin gərginləşməsi və Tehrana qarşı tətbiq olunacaq sanksiyalar Türkiyəni də yaxından maraqlandırır. Bir sıra ölkələrlə yanaşı, ABŞ-ın birtərəfli sanksiyalarına qoşulmayacağını açıqlamış rəsmi Ankara bir neçə ildir ki, müxtəlif səbəblərdən Vaşinqtonun basqıları altındadır. İyulun ortasında Türkiyəyə gəlmiş ABŞ xəzinə və xarici işlər nümayəndələrinin tələblərinə müsbət cavab verilməsi ilə bağlı heç bir fakt yoxdur. Əksinə olaraq, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ölkə başçısı Ərdoğan kimi üstün mövqeli şəxslər bu cür birtərəfləri sanksiyaların qəbul olunmayacağını bildirirlər. Obamanın dövründəki sanksiyalarla bağlı təqsirləndirilən “Halkbank”ın yüksək mövqeli nümayəndələrindən birinin hələ də ABŞ-da mühakimə olunmasını nəzərə alsaq, yeni sanksiyalar da ABŞ-Türkiyə münasibətlərində 15 iyul hərbi çevrilişi cəhdi ilə zirvəyə yüksəlmiş gərginliyin daha da artmasına səbəb ola bilər.

Xüsusilə qeyd etmək lazımdır ki, İranla bağlı Türkiyə-ABŞ qarşıdurması iki ölkə arasındakı gərginliyin səbəblərindən yox, nəticələrindən biridir. ABŞ-İran münasibətləri son 40 ilin zirvəsində ikən ABŞ-da yerləşən qruplaşmanın Türkiyədə hərbi çevrilişə cəhd göstərməsi və ya 2011-2015-ci illərdə sanksiyalar vaxtı İrana Türkiyədən daha çox imkan yaratmış BƏƏ kimi ölkələrin ABŞ tərəfindən gündəmə gətirilməməsi İrana qarşı sanksiyaların, sadəcə, bəhanə kimi istifadə olunduğunu göstərir. Əslində Türkiyənin İranla bağlı mövqeyi son dərəcə aydındır: Ankara özünə qarşı da tuşlanmış sanksiya silahının beynəlxalq münasibətlər sistemində bu qədər rahat şəkildə qəbul olunmasına görə narahat olur və xarici siyasət sahəsindəki bütün münaqişələrə rəğmən İranın sosial, siyasi, iqtisadi quruluşuna təsir edəcək sərt addımları doğru olaraq qəbul etmir. Suriyada qeyri-sabit vəziyyətin Türkiyəyə və bölgəyə verdiyi zərərlər göz qabağında ikən İranda yarana biləcək güc yetərsizliyi Türkiyəni olduqca ağır nəticələrlə qarşı-qarşıya qoyacaq. Məsələn, Türkiyədəki iranlı və əfqan köçkünlərin sayının hələ indidən bir milyonu keçdiyini nəzərə alsaq, İranda yaşanacaq xaosun yaradacağı risqin necə böyük olduğu anlaşılar.

Digər aktorların münasibətləri

Mövzumuza qayıdaq. Sanksiyaların əsasını təşkil edən neft ixracatı sahəsində İranın başlıca alıcılarının münasibətində fərqli tendensiyalar özünü göstərir. İrandan neft alışını dayandırmış, yaxud da ciddi şəkildə azaltmış Cənubi Koreya, Yaponiya kimi ölkələrin əksinə olaraq, Çin İrandan neft idxalını dayandırmaq və ya azaltmaq kimi addımlar atmayacağını dəfələrlə bildirib. Hindistanın isə qəti qərarı indiyə kimi məlum deyil. Digər tərəfdən də Rusiya İrana siyasi dəstək verdiyi halda, Avropa ölkələri ABŞ-la üz-üzə gəlmədən İranla əlaqələrini davam etdirmək üçün alternativ yollar axtarırlar.

Başda Fransa və Almaniya olmaqla Avropa İttifaqı ölkələri həm uzun müddətdir fəaliyyət göstərdikləri, həm də nüvə anlaşmasından sonra böyük gözləntilərə sahib olan İran bazarını itirmək istəmir. Həmçinin Aİ ölkələri ABŞ-ın son zamandakı buyruqçu münasibətlərinə görə də narahatlıq hiss edir. Bu mənada ABŞ-ın sanksiyalarına qarşı oxşar mövqeyə sahib olan Türkiyə, Almaniya, Fransa və Rusiya arasında təşkil olunacaq dördtərəfli görüş önəm kəsb edir. Çin və Pakistan kimi ölkələrin də sanksiyalara qoşulmaması halında İran tərəfi ABŞ və digər ölkələr arasında qol gücü oyununa çevrilə bilər.

Bundan sonra nə olacaq?

Əvvəldə də qeyd olunduğu kimi, 6 avqust, xüsusilə, 4 noyabr tarixindən etibarən tətbiq olunacaq sanksiyalarla onsuz da çətin vəziyyətdə olan İran iqtisadiyyatı daha da zəifləyəcək və hələlik marjinal təbəqənin iştirak etdiyi nümayişlərə orta sinif də qatılacaq. Bu məqamda ölkədən xaricdə fəaliyyət göstərən fars kanallarının nümayişlərə açıq şəkildə dəstək verdiyi görünür. Digər tərəfdən uzun zamandır ki, müzakirə olunan rejim müxalifətinin dağınıqlığı, liderlərinin olmamasının, xüsusən, Məhəmməd Rza şahın oğlu Rza Pəhləvinin adı ilə həll olunmasına çalışılır. Yenə də fərqli ideologiyalara sahib olan iranlıların ABŞ və Avropada çox sayda siyasi partiya qurduqları müşahidə olunur. Bu durum ölkədən kənarda yaşayan müxaliflərin hadisələrin inkişafından gözləntilərinin olduqları yönündə şərh oluna bilər.

İqtisadi zəiflik və sanksiyaların tətbiq müddətinin ABŞ-ın xeyirinə olduğu aydındır, İranın isə razılaşma yolu tapmaqla bağlı çox vaxtı yoxdur. Trampın hər açıqlamasında İrana olan tələblərinin artdığı məlumdur. Prezident seçildikdən sonra nüvə anlaşmasına texniki etirazlar etmiş Tramp daha sonra İranın regional fəaliyyətlərini və rejimin legitimliyini sorğulamaqda davam edir. Onun dolların 12.000-ə qalxmasından sonra qəbul olunmayacağını bildiyi halda “İranla qeyd-şərtsiz görüşməyə hazıram” deməyi də bunu göstərir. İranda iqtisadi bürokratiyanın üst səviyyəsində edilən dəyişikliklər, yaxud xarici ölkələrin siyasi yardımları Tehrana müəyyən zaman qazandırsa da, İran hökumətinin ABŞ-la ciddi və hərtərəfli razılaşma əldə etməməsi durumunda hazırda mövcud olan böhranın bütün regionu cəlb edəcək fərqli bir mərhələyə keçid etməsi qəti bir ehtimal kimi görünür.

Hakkı Uyğur,
İran Araşdırmaları Mərkəzinin (İRAM) sədr müavini

Məqalə “Anadolu Ajansı” informasiya agentliyindən götürülüb
Tərcümə etdi: Nurlan AĞA