- Köhnə - Dünya
- 8 Avqust 2018 12:18
- 3 212
Səudiyyə Ərəbistanı Kanada səfirinə 24 saat vaxt verdi
ABŞ Səudiyyə Ərəbistanı və Kanada arasında yaranmış konfliktin həll olunması ilə bağlı münasibət bildirib. ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Hezer Nauert (Heather Nauert) Səudiyyə hökumətinin Kanadanın Riyaddakı səfirini arzuolunmaz şəxs adlandırması və həmin ölkə ilə bütün ticarət əlaqələrini dayandırmasına görə iki dövlət arasında yaşanan problemlə əlaqədar açıqlama verib.
AzNews.az xarici mətbuata istinadən bildirir ki, katib hər iki ölkəni problemi həll etmə yönündə addım atmaq üçün səsləyib. “Bu, diplomatik problemdir. Səudiyyə Ərəbistanı və Kanada bunu bir yerdə həll edə bilərlər. Səudiyyə hökumətinə məsləhət görürük ki, qanuni proseslərlə bağlı ictimaiyyətə açıqlama versinlər” – deyə, bildirmiş H.Nauert Ərəbistanla insan haqları pozuntularına dair görüşdüklərini, bu çərçivədə Kanada məsələsini də qabartdıqlarını qeyd edib.
O, bildirib ki, iki ölkə özləri problemin öhdəsindən gəlməlidirlər, ABŞ bunu onlar üçün edə bilməz.
Səudiyyə təhlükəsizlik orqanlarının insan haqları üzrə bir qrup aktivisti saxlaması ilə bağlı Kanada hökumətindən verilmiş açıqlamalar iki ölkə arasında problem yaratmışdı. Daha sonra Ərəbistan Kanada səfirini istənməyən şəxs adlandırıb, ölkəni tərk etməsi üçün 24 saat vaxt verib, bütün ticarət əlaqələri, həmçinin təhsil, təqaüd, tələbə mübadiləsi proqramlarını da dayandırdığını elan edib. Rəsmi Riyad bunlarla yanaşı, avqustun 13-dən etibarən Səudiyyə Ərəbistanı Hava Yollarının Kanadanın Toronto şəhərinə olan uçuş xəttini bağlayacağını da qeyd edib.
Kanada xarici işlər naziri Kristia Frilend Riyad səfirinin istənməyən şəxs adlandırılmasından narahatlıq duyduqlarını bildirib.
Nurlan AĞA
AzNews.az