“Masonlar mənə itaət edir” - Adnan Oktar

Cinsi zorakılıq, qəsd, şəxsi həyatın toxunulmazlığı kimi maddələrlə təqsirləndirilən Adnan Oktar indiyə kimi ona verilmiş yeddi vəkili bəyənməyib. Hazırda onun işinə səkkizinci vəkil baxır. İstintaq zamanı Oktara 353 sual verilib. Daha sonra həbsxanaya göndərilmiş qrup liderinin yaxınları ilə ilk açıq görüşü keçirilib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, bir saat müddətində davam etmiş görüşdə Adnan Oktar İsraillə əlaqələri, ABŞ-Türkiyə münasibətləri, FETÖ, cinsi istismar kimi mövzulara toxunub. Onun ətrafında olan qadınlarla cinsi əlaqəsinin olub-olmadığını aşkarlamaq üçün həm Oktardan, həm də qadınlardan DNT nümunəsi götürülüb və bəzi bioloji testlər edilib.

O, İsraillə münasibətlərindən danışarkən həmin ölkənin onun Mehdi olduğuna inandığını qeyd edərək, “İsrail mənim Tövratda adı keçən Həzrət Mehdi olduğumu düşünür” – deyə, bildirib. Adnan Oktar həmçinin masonların da onun gözlənilən şəxs olduğunu və “biz sənə tabeyik” dediklərini vurğulayıb.

Nurlan AĞA
AzNews.az