- Köhnə - Dünya
- 6 Sentyabr 2018 16:04
- 5 918
Moskvadan erməni oliqarxlara sərt xəbərdarlıq - Ermənistan hökumətinə bir qəpik də vermək olmaz
Kremldən gələn çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya bağlı şəxsləri sıxışdırmaqda, biznesilərini çökdürməkdə, bəzilərini isə həbsə atmaqda davam edir. Bu hal Moskvanı Paşinyana qarşı getdikcə daha da qəzəbləndirir.
Reallıq onu göstərir ki, yaranmış durumda Paşinyan Rusiya ilə münasibətlərdə heç bir problemin olmadığını desə də, əlaqələr pisləşməkdə davam edir. Paşinyan hökuməti ilə Rusiyanın münasibətlərinin kifayət qədər pis olması barədə məqaləsində Ermənistanın “İravnuk” qəzeti yazır ki, Moskvanın İrəvana qəzəbi getdikcə şiddətlənir.
Qəzeti məlumatlandıran mənbənin bildirdiyinə görə, Rusiya rəhbərliyi KTMT-nin baş katibi Yuri Xaçaturovun İrəvana çağırılmasını və orada ona ittiham elan edilməsini Paşinyana bağışlamayıb. Xatırladaq ki, Xaçaturovun barəsində əvvəlcə ev dustaqlığı qərarı çıxarılıb, amma Rusiyanın güclü təzyiqlərindən sonra ona Moskvaya qayıtmağa icazə veriblər.
Mənbənin bildirdiyinə görə, Xaçaturova görə qəzəbdən əlavə, Rusiyada fəaliyyət göstərən erməni oliqarxlara da ən yüksək səviyyədə xəbərdarlıq olunub. Onlara tapşırılıb ki, Ermənistan hökumətinə bir qəpik də vermək olmaz.
Rusiyada yaşayan bir çox erməni biznesmenlər isə hələ bu xəbərdarlıqdan əvvəl Ermənistandakı proqramlarını dondurublar. Qəzet daha sonra yazır: “Bu günlərdə erməni biznesmenlər kifayət qədər narahat və hiddətlidir, dar çərçivədə deyirlər ki, hələ heç kim onlarla bu tonda danışmamışdı”. Üstəlik Ermənistan hakimiyyətinin Rusiyanı hiddətləndirəcək daha bir addım atmağa hazırlaşdığını yazan qəzetin bildirdiyinə görə, hakimiyyət keçmiş baş nazir, hazırda Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Tiqran Sarkisyanın barəsində cinayət işi qaldırmaq üçün materiallar toplayır: “Mənbələr deyir ki, Sarkisyana qarşı proses daha əvvəl başlamalı idi, amma Rusiyanın KTMT baş katibi Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsinə qızğın reaksiyası buna mane oldu. Rusiya Xaçaturovun təqib edilməsini Ermənistan hakimiyyətinin KTMT-ni nüfuzdan salması kimi qiymətləndirib”. Məsələ ilə əlaqədar “1in.am” saytı yazır ki, baş verənlər İrəvana baha başa gələcək: “Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistandakı vəziyyətin “qaynamaqda davam etdiyini” qeyd edib. O deyib: “Ermənistandakı vəziyyətin hazırda qaynamaqda davam etməsi, o cümlədən on il bundan öncəki hadisələrin təhqiqi, həbslərin aparılması bizi narahat edir. Biz hesab edirik ki, bu, Ermənistanın daxili işidir. Və istəyirik ki, bu daxili işlər möhkəm qanun və konstitusiya əsasında həllini tapsın, həmçinin tezliklə qurtarsın ki, Ermənistan diqqətini yaradıcı vəzifələrə cəlb edə bilsin”.
Rusiya məmuru bir daha qeyd edib ki, Moskva baş nazir seçkisindən sonra baş verən hadisələri izləyir, lakin elə bir hərəkət etməyib və ya bəyanat verməyib ki, hətta güclə daxili işlərə müdaxilə kimi şərh edilə bilsin. Diplomat onu da qeyd edib ki, “Digər xarici oyunçuların da bu cür hərəkət etdiyini deyə bilmərəm”.
Lavrovun son eyhamı ona görə tamamilə diqqətəlayiqdir ki, bizə Rusiyadan başqa hər hansı bir ölkənin Ermənistanın daxili işlərinə qarışmağa cəhd etməsi haqqında hər hansı bir fakt məlum deyil. Lavrov nəyəsə eyham vurur, yoxsa bu bəyanat Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsini legitimləşdirmək üçün səsləndirilib? Və ya Rusiya xarici işlər naziri rus KİV-lərini Ermənistan hakimiyyətinin hərəkətlərinin “Soros” fondu kadrları tərəfindən istiqamətləndirilməsi haqqında dolduran informasiyaya əsaslanır?
Lavrov əlavə edib ki, yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü olacaq. Lavrov “bizim üçün Ermənistanın yeni liderinin öz ölkəsindəki vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirməsini eşitmək mühümdür. Biz, əlbəttə, bu vəziyyətdə Ermənistanın KTMT qarşısındakı öhdəliklərinə necə baxıldığına laqeyd qala bilmərik, biz hesab edirik ki, bu öhdəliklər qüvvədədir, onları, o cümlədən bizim təşkilatın etibarı və nüfuzunun möhkəmləndirilməsilə bağlı öhdəlikləri tam həcmdə yerinə yetirmək lazımdır” deyərək, fikrini yekunlaşdırıb. Lavrovun eyhamları şəffafdır: Rusiya, əks halda Ermənistanın KTMT-də problemlərinin, dəqiq desək, bu təşkilatın baş katibi vəzifəsilə bağlı problemlərinin yaranacağına eyham vuraraq, mahiyyətcə, Ermənistan hakimiyyətinə keçmişdə edilən cinayətlərin üstünün açılması prosesinin durdurulmasını təklif edir. Lavrovun sözlərindən aydın olur ki, Putin-Paşinyan görüşü rəsmi olmayacaq və çox güman ki, Moskva bu görüşün gedişində İrəvandan izahat almağa çalışacaq.
Lavrovun təminatlarına baxmayaraq, Moskva Ermənistanın daxili siyasətinə – bunun nəticələrinin tez və ya gec xarici siyasətdə də ortaya çıxacağından əmin olduğundan – birbaşa təsir etməyə çalışır. Nikol Paşinyanı Moskvada çətin görüş gözləyir, çünki Moskva, mahiyyətcə, ondan Ermənistanın Rusiyadan asılılığının əsaslarının toxunulmazlığını, başqa sözlə, keçmişdə edilən və kriminal oliqarxiyanı – Rusiyanın Ermənistandakı siyasətinin iki onillik ərzində söykəndiyi seqmenti institusional müstəvidə dağıdacaq cinayətlərin təhqiqatının durdurulmasını tələb edir. Aydındır ki, Ermənistan rəhbərliyi Moskvanın bu tələbini, bu yolla isə mahiyyət etibarı ilə inqilabın qələbəsini ləğv edərək qəbul edə bilməz.
Digər tərəfdən, tamamilə mümkündür ki, Moskva üçün Ermənistanın daxili siyasi gündəliyi Ermənistana təzyiq etmək və xarici siyasət sferasında ondan güzəştlər qoparmaqdan ötrü sadəcə bir bəhanədir. Nə olursa olsun, bundan sonra aydın olan odur ki, İrəvanda və Moskvada artıq, demək olar, açıq mətnlə münasibətlərdə böhrandan danışırlar. Şübhəsiz, münasibətlərdəki böhran aradan qaldırılmalıdır, lakin aydındır ki, Ermənistanın inqilab sonrası ilk aylardakı xarici siyasəti həddindən artıq qeyri-məqsədyönlü və qeyri-effektli olub. Və Ermənistan hökuməti primitiv, qeyri-peşəkar yanaşmaları istisna edərək, məhz bu sahəyə yenidən baxmalıdır”. Lakin görünən odur ki, bunu etmək Ermənistan üçün asan deyil və bu fonda Rusiyanın Ermənistanı sərt formada cəzalandırması qaçılmaz sayılır. (Baki-xeber)
AzNews.az