Obamanın “qara siyahı”sındakı azərbaycanlı

Onun adı bir çox səs-küylü hadisələrdə hallanıb



Mayın 7-də Rusiyanın ən qədim tarixə malik "Matrosskaya tişına" təcridxanasından qaçan Oleq Topalov 24 saat sonra həbs edildi. Mayın 13-də isə təcridxananın rəisi Fikrət Tağıyevin işdən azad edilməsi barədə məlumat yayıldı. Amma tezliklə azərbaycanlı polkovnikin işdən azad edilməsi barədə məlumat rəsmən təkzib edildi.

Fikrət Tağıyevin adı ilk dəfə mətbuatda 2005-ci ildə bu təcridxanada saxlanılan Platon Lebedev və Mixail Xodorkovski ilə bağlı qalmaqalda hallanıb. Rusiyanın tanınmış iş adamları təcridxana rəhbərini onlara qarşı qərəzli münasibətdə suçlayaraq məhkəməyə müraciət etmişdilər. Amma məhkəmə məhbusların şikayətlərini əsasız hesab etmişdi.

2009-cu ildə F.Tağıyevin adı 54 yaşlı məhbus Vera Trifonov təcridxanada ölməsindən sonra yenidən gündəmə gəldi. Bir neçə xəstəlikdən əziyyət çəkən V.Trifonovanın vəkilləri iddia edirdilər ki, F.Tağıyev məhbusun səhhəti ilə bağlı məhkəməyə qərəzli rəy göndərib. Belə ki, təcridxana rəhbəri Trifonovanın səhhətinin məhkəmədə iştirak etməyə və təcridxanada saxlanmağa imkan verdiyi barədə rəy verib. Amma qadının ürəyi dözməyib və məhkəməyədək dünyasını dəyişib. Rusiyada geniş əks-səda doğuran bu hadisədən sonra bir neçə vəzifəli şəxs işdən qovulsa da, F.Tağıyev yenə "sudan quru" çıxa bildi. Amma 2009-cu ilin 16 noyabrında təcridxanada baş verən ölüm hadisəsi F.Tağıyevin karyerasında ləkə kimi qaldı. Söhbət təcridxanada müəmmalı şəkildə ölən Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitskidən gedir...

Sergey Maqnitskinin ölümü təkcə Rusiyada deyil, bütün dünyada elə bir reaksiya doğurdu ki, F.Tağıyevi müdafiə edən sehrli əllər bu dəfə ona kömək edə bilmədilər. 37 yaşlı vəkilin ölümü ilə bağlı təyin edilən ən müxtəlif ekspertizalar vəkilə vaxtında tibbi kömək çağırılmadığını təsdiq etdi. Araşdırma göstərdi ki, əslində Maqnitski "Butırka" həbsxanasından "Matrosskaya tişina" ya yarımcan gətirilibmiş. Amma buna baxmayaraq həm "Butırka"nın rəisi Dmitri Komnov, həm F.Tağiyev vəzifələrindən kənarlaşdırıldı. Bir müddət sonra isə F.Tağıyev müəmmalı şəkildə yenidən təcridxananın açarlarını geri ala bildi.

Amerikada "Maqnitski qanunu" hələ qızğın müzakirə mövzusu olanda Rusiya mətbuatı "qara siyahı" ya düşəcək rəsmi şəxslər arasında F.Tağıyevin də olacağını proqnozlaşdırırdılar.

Bu ilin aprelində Amerikada qəbul olunan "Maqnitski qanunu" nunda okeanın o tayına getməsi yasaqlana 282 məmurun arasında F.Tağıyevin də adı var. Ümumilikdə, azərbaycanlı polkovnikin rəhbərlik etdi təcridxananın 26 əməkdaşı bu siyahda yer alıb. Onların arasında təcridxananın həkimi - Maqnitskiyə yardım etməkdən boyun qaçıran həkim-cərrah Aleksandra Qaus da var.

Maraqlıdır ki, internet rusurslarda Fikrət Həmdulla oğlu Tağıyev haqda məlumat demək olar ki, yox səviyyəsindədir. Yalnız onu qeyd etmək olar ki, azərbaycanlı olsa da, onun doğum yeri Rusiya göstərilib. (anspress)

AzNews.az