Şikayətçi: “Dövlət mənə çatası pulu ödəməlidir“

Kiprdə böyük qalmaqal yaşanır.

Sahib olduğu ərazisi məktəb tikilmək üçün dövlət tərəfindən alınan vətəndaş ona çatası 5 milyon avronu hələ də ala bilməyib.

Milli.Az European-a istinadən bildirir ki, Maliyə Nazirliyinə dəfələrlə müraciət etməsinə rəğmən, pulunu hələ də ala bilməyən vətəndaş məhkəməyə üz tutub. Məhkəmə də onun şikayətini təmin edib və əsas cavabdeh sayılan Kipr prezidentinin iqamətgahının müsadirəsinə qərar verib.

5 milyon avrosunu ala bilməyən vətəndaş da məhkəmə icraçıları ilə birlikdə prezident iqamətgahına yollanıb.

Lakin qərarın icrasına baş prokuror Petros Kliridis mane olub.
O, göstəriş verərək məhkəmənin qərarının icrasını ləğv etməyə çalışıb.

Fəqət, şikayətçi və məhkəmə icraçıları prezident iqamətgahını tərk edərək Ədliyyə Nazirliyinə yollanıblar və oradakı kompüterləri çıxarmağa çalışıblar.

Prokuror bu dəfə də mane olmağa çalışsa da, məhkəmə icraçılarını dayandıra bilməyiblər.

Onlar turizm naziri Neoklis Silikiotisin xidməti avtomobilini də müsadirə etmək istəyiblər.

Hazırda Kiprin Prezident Administrasiyası ilə Məhkəmə Qərarlarının İcrası Xidməti arasında danışıqlar gedir.

Şikayətçi vətəndaş isə sakitləşmir: "Dövlət mənə çatası pulu ödəməlidir. Prezidentə isə deyirəm: evini müsadirə edəcəyəm!"


AzNews.az