Almatıda iğtişaşlar: 90 yaralı

Avqustun 31-də Almatı (Qazaxıstan) şəhərində baş verən iğtişaşlar nəticəsində 90 nəfər tibbi yardım üçün müraciət edib.

APA-nın "Tengrinews"a istinadən xəbərinə görə, xəsarət alanlar arasında polis əməkdaşları da var.

Almatının 7 saylı şəhər xəstəxanasında 3 polis əməkdaşı müalicə olunur. Onların həyatı üçün təhlükə yoxdur. İğtişaşlar zamanı həlak olanlar barədə yayılan məlumatlar isə təsdiqini tapmayıb.

Qeyd edək ki, iğtişaşlar populyar müğənni Kayrat Nurtasın "Praym Plaza" ticarət-əyləncə mərkəzində keçirilən konserti zamanı başlayıb. Müğənninin səhnəni erkən tərk etməsi tamaşaçıların xoşuna gəlməyib. Qəzəbli kütlə səhnəni və mərkəzdə yerləşən mağazaları dağıdıb. Daha sonra iğtişaşlar küçədə davam edib.

Qayda-qanunun bərpası məqsədilə əraziyə OMON dəstələri yeridilib. 150-dən çox şəxs saxlanılsa da, sonradan əksəriyyəti sərbəst buraxılıb. Baş vermiş hadisə ilə əlaqədar xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

AzNews.az