Suriyanın kimyəvi silah tətbiqinə dair yeni məlumatlar açıqlanıb

Almaniya və Fransa xüsusi xidmət orqanları Dəməşq yaxınlığında kimyəvi silah tətbiqinə görə məsuliyyəti Suriya hökumətinin daşıdığını isbatlayan yeni sübutlar açıqlayıb.

APA-nın məlumatına görə, Der Spiegel nəşrinə açıqlama verən Almaniya xüsusi xidmət orqanlarının təmsilçisi bildirib ki, bir çox dəlillər kimyəvi silah tətbiqinə dair günahın Suriya prezidenti Bəşər Əsədin üzərində olduğunu isbatlasa da, bunu birbaşa isbatlayacaq sübut hələlik yoxdur.

BND rəhbəri Qerxard Şindlerin sözlərinə görə, texniki baxımdan yalnız hökumət qoşunları içərisində zarin qazı olan mərmiləri tətbiq etmək imkanına sahibdir. BND bir çox dolayı sübutlarla yanaşı Suriya hökumətini dəstəkləyən "Hizbullah" təşkilatının təmsilçisinin telefon danışıqlarını təqdim edib. Danışıqlarda "Hizbullah" təşkilatçısı bildirir ki, Əsəd kimyəvi silah tətbiq etməklə səhvə yol verib.

Fransa kəşfiyyatı da Suriya ilə bağlı məlumatları açıqlayıb. Kəşfiyyatın məlumatlarına görə, peykdən çəkilən şəkillər kimyəvi hücumun Suriya hökumətinin nəzarətində olan ərazidən həyata keçirildiyini təsdiqləyir.

AzNews.az