Jurnalistlər azad edildi

Bu ilin aprelində Suriyada qaçırılan italiyalı və belçikalı jurnalistlər sərbəst buraxılıb.

İtaliya hökuməti jurnalistlərin azad edildiyini ötən axşam bəyan edib. Onlardan biri, İtaliya vətəndaşı Domeniko Kuiriko Turin qəzetlərindən birinin müxbiri kimi Suriya hadisələrini işıqlandırarkən girov götürülmüşdü.

Domeniko Kuirikonu Roma hava limanında İtaliyanın xarici işlər naziri Emma Bonino qarşılayıb. İtaliyanın Baş naziri Enriko Lettanın administrasiyası belçika mənşəli İtaliya vətəndaşı Pyer Piççinin də azad edildiyini və onun da Kuiriko ilə Romaya gəldiyini açıqlayıb.

Qeyd edək ki, jurnalistlər aprelin 6-da Livandan Suriya ərazisinə keçmiş və 3 gün sonra Homs şəhərində qaçırılmışdılar. Onların kimlər tərəfindən girov saxlandığı isə məlum deyil.(anspress)

AzNews.az