“Qadınların maşın sürməsi onların psixologiyasına mənfi təsir göstərir” – Ərəb şeyxi



Səudiyyə Ərəbistanının şeyxi, ixtisasca psixoloq olan Seyx Salah Əl Luhaydan ölkəsində qadınların maşın sürməsinə qoyulan qadağaya haqq qazandırıb. O, qadağanın aradan götürülməsi üçün 11 min imza toplayan qadınlara səslənib.

AzNews.az-ın məlumatına görə, sabq.org. xəbər portalına müsahibə verən şeyxin sözləri ölkədə birmənalı qarşılanmayıb. Belə ki, Şeyx "Qadınlar bilməlidirlər ki, maşın sürmələri yumurtalıqlarına mənfi təsir edir. Bundan başqa qadınların psixologiyasına da mənfi təsir göstərir. Psixologiya elmi göstərir ki, maşın sürən qadınlar problemli uşaqlar dünyaya gətirir" deyə vurğulayıb.

Şeyx bu sözləri ilə bütün diqqətləri üzərinə çəkib. Hətta Orta Şərq üzrə mütəxəssislərdən biri "Bu gün 200 km məsafəyə maşın sürdüm, amma möcüzəyə bax ki, yumurtalıqlarıma bir şey olmadı" deyə yazıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanının şahzadə Talalın xanımı Amira əl Tavel də qadınlara maşın sürmənin qadağan edilməsinə qarşı çıxır. O, müsahibələrinin birində maşını çöldə sürdüyünü deyib.

Elnur
AzNews.az