Krım qarışdı – “Rusiya bizi geri al!”...

Bu fikri Yanukoviç iqtidarı devrilmədən öncə həm yerli, həm də beynəlxalq səviyyəli ekspertlər səsləndirmişdilər. Son günlər Krımda yaşananlar artıq Rusiyanın parçalanma planlarını işə saldığını sübut edir.

Fevralın 24-də Krım tatarlarının Məclisi Krımın yeni konstitusiyasının qəbulunu tələb edib. "Krım xəbərləri" saytının verdiyi xəbərə görə, belə bir qərar Krım tatarlarının Simferopolda keçirilən mitinqində qəbul edilib. Mitinqə 10 mində artıq insan qatılıb.

Mitinqin qətnaməsində deyilir: "Krımın indiki konstitusiyası çoxmillətli Krım xalqının maraqlarına, eyni zamanda Ukrayna daxilində özünütəyinetmə hüququnu tələb edən krım tatar xalqının maraqlarına uyğun deyil. Bu konstitusiya Krımda ictimai-siyasi sabitliyə hər an təhlükə yaradır. Krımın indiki statusu Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə davamlı təhlükədir".

Məclis parlamentdən yeni ali qanunun hazırlanması üçün komissiya yaradılmasını və Krım Tatar Məclisi üzvlərinin həmin komissiyada təmsil olunmasını tələb edib. Mitinq iştirakçıları Krım Ali Məclisinin səlahiyyətlərinə xitam verilməsini və növbədənkənar seçki keçirilməsini də tələb edir.

Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov mitinqdəki çıxışında bildirib ki, Simferopol rəhbərliyinə bütün Krım yarımadasından Vladimir Leninin heykəllərini ləğv etmək, onun adını meydanlardan götürmək üçün 10 gün möhlət verir: "Əgər tələb yerinə yetirilməsə, biz təcili addımlara başlayacağıq. Bu gün 10 min, sabah 20-30 min olacağıq".

Fevralın 24-də Sevastopolda 30 minə yaxın insanın qatıldığı daha bir mitinq olub. Mitinqə Rusiya bayrağı ilə çıxan və əsasən ruslardan ibarət olan Krım sakinləri dövlət administrasiyasına etimadsızlıqlarını bildirib, Mixail Çalovu administrasiyaya yeni rəhbər təyin ediblər. Mitinqdə Ukraynada baş verənləri faşizm adlandırıb və "Putin bizim lider", "Rusiya bizi geri al!", "Krımda faşizmə keçidə imkan verməyəcəyik" kimi şüarlar səsləndirilib. Mitinqin qətnaməsində bildirilir ki, Sevastopol Ali Radanın heç bir qərarını tanımayacaq, həmin qərarları Krıma tətbiqinin qarşısı alınacaq. Səbəb kimi hakimiyyətin qiyam yolu ilə devrilməsi göstərilir.

Daxili işlər naziri Arsen Avakovla, Təhlükəsizlik Xidmətinin sədri Valentin Nalivayçenko fevralın 23-ü axşam saatlarından Krımdadırlar. Unian.net-ə müsahibə verən Avakov yarımadada durumun nəzarətdə olduğunu deyib: "İndi ən önəmli olan provokasiyalara yol verməməkdir. Bizim Kiyevdə yaşadıqlarımızın təkrarlanmaması üçün provokasiyaların qarşısını birlikdə almalıyıq. Ümid edirəm ki, dinc danışıqlar yolu ilə biz Krımın taleyi ilə bağlı anlaşma əldə edə biləcəyik".

Onu da vurğulayaq ki, fevralın 19-da Ali Radanın Krımdan olan üzvü "Regionı" partiyasının təmsilçisi Nikolay Kolesniçenko ölkədə siyasi böhran davam edərsə Krımın Rusiyaya verilməsi məsələsini gündəmə gətirməyi təklif etmişdi. Ali Radanın üzvləri arasında təklifə dəstək verənlər vardı. Ertəsi gün isə "Batkivşina" fraksiyasının təmsilçilərinin müraciəti ilə Ukraynanın ərazi bütövlüyünə təhdidlərlə bağlı Ukrayna Prokurorluğunda cinayət işi qaldırılıb. Cinayət işinin istintaqı davam edir.

Əzəli-əbədi türk yurdu olan Krım 60 il öncə - 1954-cü ildə SSRİ Ali Sovetinin qərarı ilə Rusiyadan alınaraq Ukraynaya verilib.

Hazırda oranın əhalisinin 18 faizini Krım türkləri, 58 faizini isə ruslar təşkil edir.(Musavat.com)