Ukrayna XİN: «Rusiyanın bu addımı hərbi təcavüzdür»

Ukrayna hakimiyyəti bildirib ki, ölkənin Xerson vilayətinə Rusiyanın desant atmaq cəhdinin qarşısı alınıb.

Lent.az-ın "unian.net"-ə istinadən məlumatına görə, Ukraynanın Xarici İşlər Nazirliyi baş vermiş olayla bağlı bəyanat verib. Qurum bunu Rusiyanın Ukraynaya "hərbi işğalı" adlandırıb.

"2014-cü il martın 15-də Xerson vilayətinin Strelkovoye qəsəbəsinə Rusiya Silahlı Qüvvələri 4 hərbi vertolyot və 3 zirehli döyüş maşının müşayiəti ilə 80 hərbçini yerləşdirməsinə qəti etiraz edirik" -deyə, Ukraynanın Xarici İşlər Nazirliyi bildirib.

Qurumun bəyanatına əsasən, həmin hərbçilərin məqsədi qəsəbəni zəbt etmək olub.

Ukrayna XİN Rusiyadan silahlı qüvvələrini ölkə ərazisindən təcili olaraq, çıxarmağı tələb edib. Qurumu bildirib ki, Rusiyanın təcavüzünü dayandırmaq üçün Ukrayna bütün tədbirləri görmək haqqını özündə saxlayır.

Xatırladaq ki, Ukrayna tərəfi Rusiyanın bu cəhdinin qarşısını alıb.

AzNews.az