BMT - dən Suriya ilə bağlı - Açıqlama - VİDEO

Qərb dünyasının və Avropa dövlətlərinin başının Ukraynada qarışması Suriyanı sanki dünyanın yadından çıxarır. Halbuki bu ölkə 3 ildən artıqdır, müharibə cəngəlliyinə çevrilib. Düzü son durumdan Bəşər Əsədin yararlı çıxdığı görünür. Onun rəhbərlik etdiyi qüvvələrin fəallaşdığı və getdikcə ölkənin bir sıra regionlarını yenidən ələ keçirdiyi xəbər verilir. BMT isə uzun fasilədən sonra yenidən Suriya haqqında danışmağı, görünür özünə borc bilib.

Xatirladaq ki, Suriyada 3 ildən çoxdur ki, davam edən vətəndaş müharibəsində Bəşər Əsəd hökumətinin işlədiyi cinayətlər müxalifət qüvvələrinin və üsyançıların cinayətlərini çox geridə qoyur. Bu sözləri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Navi Pillay deyib: "Haaqa tribunalına təqdim edilən sənədlərdə həm hökumətin, həm də üsyançıların insanlığa qarşı cinayətləri yer alıb. Amma bu cinayətləri müqayisə etmək mümkün deyil. Hökumət qüvvələri tərəfindən törədilən əməllər, zorakılıq, qətllər, insan oğurluğu - bunlar həddindən artıq çoxdur. Zorakılığa görə hökumət məsuliyyət daşıyır, bu cinayətkarlar aşkar olunub Beynəlxalq Tribunala verilməlidir".

Bu çıxışa cavab olaraq Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri isə bütün ittihamları rəddə edərək, bu məruzənin Suriyaya qarşı təzyiq vasitəsi kimi istifadə olunduğunu bildirib: "Xanım Pillay 3 il ərzində bir dəfə də olsun Suriyaya gəlmədən təktərəfli məruzələrlə Suriya hökumətinə qarşı təzyiq vasitəsinə çevrilib. O, indiyədək bir dəfə də olsun, Dəməşqdə fəaliyyət göstərən BMT rəsmilərinin hesabatlarına nəzər salmayıb. O, sadəcə Təhlükəsizlik Şurasında yer alan bəzi qüvvələrin təzyiq vasitəsinə çevrilib".

Qeyd edək ki, Suriyada 3 ildən çoxdur ki, davam edən vətəndaş müharibəsi nəticəsində 150 min nəfərdən çox insanın həyatına son qoyulub. 2 milyondan çox insan qonşu İordaniya, İraq və Türkiyə kimi ölkələrdə qaçqın həyatı yaşayır.




AzNews.az