Donetskdə 80 nəfər girov saxlanılır

Separatçılar Donetsk vilayət Adminstrasiyasının zirzəmisində təxminən 80 nəfərə yaxın şəxsi girov saxlayır.

AzNews.az-ın Azadlıq radiosunun Ukrayna bölməsinə istinadən verdiyi məlumata görə, bunu ötən gecə girovluqdan azad edilən Donetsk vilayəti Lenin rayon Şurasının keçmiş deputatı Dmitriy Verzilov mediaya açıqlamasında deyib.

D. Verzilov bildirib ki, içkili insanlar onun başına torba keçirərək, zirzəmiyə salıblar və orada bir neçə saat saxlayıblar: "Mənim məqsədim Vilayət Administrasiyasına gedərək, qondarma "Donetsk Xalq Respublikası"nın nümayəndələri ilə görüşmək idi. Lakin onlar məni girov götürdülər".

Sabiq deputat əlavə edib ki, həmin zirzəmidə təxminən 80 nəfərin girov saxlandığının şahidi olub: "Zirzəmi adamla doludur. İnsanlar orada ac saxlanılır. Karserdə olduğu kimi onlara su da vermirlər. Ora qaranlıqdır və qorxuludur".

D. Verzilov vilayət Administrasiyasında olduğu saatlarda qondarma qurumun önündə gedənlərlə bağlı mövqeyinin dəyişdiyini də söyləyib: "Hesab edirdim ki, hər şey fərqlidir, onlar da insandır. Lakin bəlli oldu ki, "DXR"də hansısa siyası mövqe və proqram yoxdur. Onlar banditdirlər və bunu da orada gördüm. Sadə insanlar isə bunu görmürlər".

Onun sözlərinə görə, girovların əksəriyyətini pul almaq üçün zirzəmidə saxlayırlar.

Aydan Axundova
AzNews.az