Ukrayna və ABŞ hərbi təlimlərə başlayır

Rusiya istəyinə nail ola bilmədi
Sentyabrın 8-10-u arası Qara dənizin şimal-qərbində Ukrayna və ABŞ hərb-dəniz qüvvələrinin birgə təlimləri olacaq.

Bu barədə Ukrayna Hərbi-Dəniz Qüvvələrinin Facebook səhifəsində məlumat verilib. Təlimlər zamanı böhran mövcud olan ərazilərdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı beynəlxalq əməliyyatın keçirilməsi nəzərdə tutulur.

Bu barədə "UBR" portalı xəbər yayıb. Təlimlər "Sülh naminə əməkdaşlıq" adı altında keçiriləcək. Ona görə də belə təlimlərə qonaq qismində xeyli dövlətlər dəvət olunur.

Bu dəfə təlimlərdə İspaniya, Kanada, Ruminiya və Türkiyənin iştirak edəcəyi gözlənilir. Təlimlərdə 12 gəmi ilə yanaşı Ukrayna Hava Qüvvələrinə məxsus helikopter və təyyarələr də iştirak edəcək.
Bundan başqa bir çox ölkə təlimləri izləmək üçün nümayəndələrini göndərib. Bu sırada Gürcüstan, İsveç, Norveç və Fransa da var.

Təlimlər zamanı ekstremal vəziyyətlərdə müəyyən manevrlərin həyata keçirilməsinə xüsusi diqqət ayrılacaq.

Təlimlər zamanı Ukrayna tərəfinə Aleksey Neijpapa, ABŞ tərəfinə isə Ceymis Eyken rəhbərlik edəcək.

Portal xatırladır ki, 1997-ci ildən 2013-cü ilə qədər bu qəbildən 11 hərbi təlim keçirilib.

Onu da qeyd edək ki, Rusiya tərəfi bu təlimin ləğv olunmasına dəfələrlə cəhd göstərsə də, rəsmi Moskva istəyinə nail ola bilmədi.

Müsavat