Saakaşvilinin anası danışdı- VİDEO

Gürcüstanın sabiq prezidenti, Mixail Saakaşvilinin qalmaqalı bitmək bilmir. Bu dəfə Tiflis şəhər məhkəməsinin qərarı ilə keçmiş prezidentin anasını və yoldaşının əmlakı haqqında müsadirə əmri verilib.


ANS TV-nin məlumatına görə, qərara əsasən eks prezidentin və yaxın ailə üzvlərinin adına olan bütün daşınar və daşınmaz əmlak müsadirə ediləcək. Bu əmlak siyahısına Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsun Tiflisin Barnov küçəsində yerləşən mənzili, həmçinin paytaxtın Pekani küçəsində Saakaşvilinin nənəsinin adına olan ev də daxildir. Keçmiş prezidentin anası Qiuli Alasaniyanın sözlərinə görə müsadirəsinə qərar verilən əmlak bununla da bitmir. Belə ki, qərara görə onun və gəlininin idarə etdikləri iki minik maşını və Kvareli rayonunda Saakaşvilinin nənəsinə məxsus 500 kv. m. torpaq sahəsi də dövlətin mülkiyyətinə keçəcək.

"Mən hazırda bu evdə yaşayıram. Onu deyim ki, bu ev mənim babama, nənəmə aiddir. Mixail özü də bu evdə böyüyüb. Siyahıda həmçinin mənim valideynlərimin uzun illər yaşadıqları, indi isə dağılıb sökülmüş evləri də var. Hansı ki, oğlumun tələbəlik illəri həmin evdə keçib. Yəni adıçəkilən bu əmlakların heç birinin Mixailin prezidentlik dövrünə aidiyyatı yoxdur", deyə Saakaşvilinin anası Qiuli Alasaniya bildirib.

Q.Alasaniya Mixail Saakaşvilinin baş verənlərə reaksiyasının da xoş olmadığını bildirdi. Eks prezidentin anası yenə də ümidini üzmədiyini dilə gətirdi.

Saakaşvilinin vəkili Otar Kaxidzenin məsələyə yanaşması isə belədir: "Eks prezidentin günahı sübuta yetirilmədən ona qarşı belə bir addımın atılması heç cür başa düşülən deyil. Məhkəmənin bu qərarının yalnız bir izahı var. Mixail Saakaşviliyə və onun ailəsinə bu cür sarsıdıcı zərbələrin vurulması keçmiş baş nazir Bidzina İvanişvilinin siyasi gedişlərindən biridir".

Vəkil onu da əlavə edib ki, bu haqsızlıq aradan qaldırılana qədər bütün yuxarı instansiyalara, hətta avropa məhkəməsinə belə müraciət ediləcək.






AzNews.az