Amerika Birləşmiş Ştatları Sakit okeanda sahəsi 1,27 milyon kvadratkilometr olan dəniz qoruğu yaratmağa hazırlaşır. Amerika Birləşmiş Ştatları Sakit okeanda sahəsi 1,27 milyon kvadratkilometr olan dəniz qoruğu yaratmağa hazırlaşır.

ABŞ Sakit okeanda qoruq yaradır

Amerika Birləşmiş Ştatları Sakit okeanda sahəsi 1,27 milyon kvadratkilometr olan dəniz qoruğu yaratmağa hazırlaşır.



AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, bu haqda informasiyanı Ağ evin mətbuat xidməti yayıb.

ABŞ Prezidenti Barak Obama bununla bağlı müvafiq sənəd imzalamağı qərara alıb.
Sakit okean rayonundakı Havay adaları və Amerika Samoası arasında yerləşən hazırkı milli dəniz parkının ərazisi altı dəfə genişləndiriləcək və qoruq statusu alacaq. Oradakı insan yaşamayan yeddi adada və koral atollarda istənilən sənaye fəaliyyətinə, o cümlədən kommersiya balıq ovuna və faydalı qazıntıların çıxarılmasına qadağa qoyulacaq.

Amerika alimləri hesab edirlər ki, həmin rayonda tropik dəniz aləmi nadir flora və faunası ilə ilkin formasını saxlayır və onu hər hansı kənar müdaxilədən mühafizə etmək lazımdır. Ekoloqlar bildirirlər ki, orada artıq iqlim dəyişikliyi və okean sularının oksidləşməsi nəticəsində zədələnmiş koral rifləri əlavə müdafiəyə ehtiyac duyur.
Ağ evin mətbuat xidmətinin məlumatında, həmçinin qeyd olunur ki, qoruğun yaradılması haqqında qərar Obama Administrasiyasının alimlər, balıqçılar, siyasətçilər, eləcə də ekoloji təşkilatlarla uzun sürən məsləhətləşmələrindən sonra qəbul edilib. Üç ay ərzində hökumət ekspertlərinin ünvanına ABŞ vətəndaşlarından daxil olan 150 minədək təklif və şərh Sakit okeanda yeni mühafizə zonasının yaradılmasına dair yekun planın hazırlanması zamanı nəzərə alınıb.