Serb diktatorun şəkli ilə türk filminə etiraz

Osmanlı imperiyasının zəfərlərindən bəhs edən "Fəth 1453" filmi dünya ölkələrində maraqla yanaşı etirazla da qarşılanıb. Livanın paytaxtı Beyrutda nümayişi nəzərdə tutulan film ortodoks yunanlar tərəfindən baykot edilib.

Ölkədə fəaliyyət göstərən siyasi partiyalardan biri- Şərq Partiyasının təşkilat komitəsi filmi "xristianlıq və yunan mədəniyyətinə təhqir" adlandırıb. Etiraz məqsədilə Beyrutda keçirilən nümayişdə filmin xristianların müqəddəs ayinlərini təhqir etdiyi iddia edilib.

Nümayişçilər filmin Livanda nümayişınə yol verməmək üçün lazım gələrsə kinoteatrların qarşısında dayanacaqlarını vurğulayıblar.
Aksiya zamanı nümayişçilərin əllərində Serbiyanın keçmiş lideri Slobadan Miloşeviçin şəkilləri diqqəti şəkib. Qeyd edək ki, filmin Livanda sentyabrın 27-də nəzərdə tutulan nümayişi məhz etirazlar səbəbindən bir həftə təxirə salınmışdı.

E.Əlosmanqızı
AzNews.az