ABŞ və Avropa da Qələbə gününü qeyd edir

Bütün Avropa boyunca İkinci Dünya Müharibəsinin başa çatmasının 70-ci ildönümü tədbirləri keçirilir.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, Avropa liderləri Polşanın Qdansk şəhərində müharibənin ilk atəşinin açıldığı Vesterplatda keçirilən gecə mərasimində iştirak etmək üçün toplaşıblar.
Qdanks mərasimi Rusiyanın şənbə günü keçirəcəyi Qələbə Paradına saymazlıq kimi görülür, çünki bir çox Qərb liderləri Moskvanın Ukraynadakı siyasətinə görə həmin hərbi keçidi boykot ediblər.

Parisdə, Londonda, Berlində, habelə Vaşinqtonda da tədbirlər keçiriləcək.

Qdanskda keçirilən yadetmə mərasimində gecəyarı 21 top atəşi açılıb.


Öz çıxışında Polşa prezidenti Bronislav Komorovski deyib ki, müharibə iki totalitar rejimin – Hitler və Stalinin əməkdaşlığı sayəsində başlanıb.

O deyib ki, 1945-ci ildə Nasist Almaniyası üzərində qələbə azadlıq yox, kommunizm və Dəmir Pərdə gətirib.

Komorovski administrasiyasının verdiyi məlumata görə, Qdanskda keçirilən tədbirə Bolqarıstan, Çexiya Respublikası, Estoniya, Litva, Rumıniya və Ukrayna başçıları da daxil olmaqla bir sıra ölkələrin prezidentləri qatılıblar.

Bu mərasimdə BMT-nin baş katibi Pan Gi Mun da iştirak edib.

Qdanskda çıxış edən Ukrayna prezidenti Petro Poroşenko deyib ki, tarix və Avropada bugünkü vəziyyət arasında bənzərlik vardır.

"Biz tarixin təkrarlanmasına yol verə bilmərik. Etnik azlıqların müdafiəsi bəhanəsi ilə ilhaq və müdaxilə, hadisələri görməməzliyə vurmaq meyli, Avropa həmrəyliyinin aşılanması… Avropanın edəcəyi seçimdən asılı olaraq bütün bunlar yeni reallığa çevrilə bilər", - deyə Ukrayna lideri bildirib.

Rusiya ilə Qərb arasında münasibətlər ötən il Moskvanın Ukraynanın cənubundakı Krım yarımadasını ilhaq etməsindən və Şərqi Ukraynadakı Donetsk və Luqansk rayonlarında qiyamçılara dəstək verməsindən sonra korlanıb.

Rusiya, qiyamçıları silahlandırması və sərhəd üzərindən Ukraynaya nizami qüvvələr göndərməsi barədə iddiaları təkzib edir.

Müharibədə bütün başqa ölkələrdən daha çox vətəndaşını itirmiş Rusiya şənbə günü Moskvanın Qırmızı meydanında Qələbə paradı keçirir.

Almaniyada keçirələcək mərasimdə prezident Joachim Gauck Sovet əsgərlərinin məzarı üzərinə əklil qoyacaq. Bu münasibətlə Almaniya parlamentində xüsusi sessiya keçiriləcək.

Londonda Naməlum əsgərin məzarı önündə yadetmə mərasimi olacaq, daha sonra ölkə boyunca 200 tonqal qalanacaq.

Fransada Qələbə günü milli bayramdır və prezident Fransua Olland Parisdəki Zəfər Tağının yanında Naməlum əsgər məzarına əklil qoyacaq.

ABŞ-da Vaşinqtondakı İkinci Dünya Müharibəsi xatirə kompleksində mərasim keçiriləcək, bundan sonra isə köhnə döyüş təyyarələrinin paradı olacaq.