Eks-müdafiə nazirinin qəbri təhqir olundu

Ötən gecə naməlum şəxslər İsrailin hərbi və dövlət xadimi, 1967-ci ildə Altıgünlük müharibə zamanı müdafiə naziri olmuş general Moşe Dayanın qəbirini təhqir ediblər.

168.az "Frans-Press" agentliyinə istinadən xəbər verir ki, xuliqanlar məzarın üzərində ivrit dilində bu sözləri yazıblar: "Məğlub nazir. Uduzanların adından".

İnsident Dayanın ölümünün 31-ci ildönümündə olub. O, 1981-ci il oktyabrın 16-da 66 yaşında ürəktutmasından vəfat edib. İsrailin sağ təmayüllüləri hesab edirlər ki, 1973-cü ildə "Məşhər savaşı"nda daha çox hərbçinin həlak olmasının baiskarı Moşe Dayandır.

Eks-nazir ərəblərin hücumu zamanı səfərbərliyin elan olunmaması və rəqibə sarsıdıcı zərbələrin edirilməməsində suçlandırılır. Bunun nəticəsində isə İsrail ordusu geri çəkilməyə məcbur olmuşdu.

Generalın qızı Yael Dayan yerli mətbuata açıqlamasında bildirib ki, onlar bu cür halların baş verməsinə artıq öyrəşiblər. Onun sözlərinə görə, vandallar 1973-cü ilin müharibəsində həlak olanların ailə üzvləridir. "Onlar hələ də kmisə günahkar bilirlər" deyən Yael məzarı təhqir edənlərin məsuliyyətə cəlb olunacağına inanır.

Xatırladaq ki, Altıgünlük müharibə zamanı şöhrət qazanan Moşe Dayan növbəti savaşlarda İsrail ictimaiyyətinin tənqidlərilə üzləşmişdi. Təkcə 1973-cü ilin müharibəsində isə 2500 yəhudi həlak olmuş və itkin düşmüşdü.

AzNews.az