BAY Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cahandar Bayoğlunun AzNews.az-a müsahibəsi BAY Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cahandar Bayoğlunun AzNews.az-a müsahibəsi

“STAR” layihəsi həm Azərbaycan, həm də Türkiyə üçün strateji əhəmiyyət daşıyır” - Cahandar Bayoğlu ilə MÜSAHİBƏ

BAY Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cahandar Bayoğlunun AzNews.az-a müsahibəsi

Ötən həftə Türkiyədə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “STAR” neft emalı zavodunun açılışı oldu. AzNews.az bu önəmli layihə ilə bağlı BAY Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cahandar Bayoğludan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

- Cahandar bəy, bildiyiniz kimi Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə STAR neft emalı zavodunun açılışı oldu. Bu haqda nə deyə bilərsiniz?

- Əsası 2011-ci ildə qoyulan nəhəng STAR layihəsi İzmirin Əliağa bölgəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə gerçəkləşdi. Bu layihə iqtisadi göstəricilərinə görə Türkiyənin ümumi ehtiyacının dörddə birini qarşılayacaq. Yəni kifayət qədər böyük gücə malikdir. Bu fabrik ildə 4,8 milyon ton dizel, aşağı kükürdlü motorin, 1, 6 milyon ton uçaq yanacağı, nafta və 300 min ton maye qaz istehsal edəcək. Bununla yanaşı xrom, petrokok, kükürd kimi məhsulları da emal ediləcək. Bu fabrikin fəaliyyətə başlamasından sonra Türkiyə dövlət olaraq ildə 1,5 milyard dollar qazanc əldə edəcək. Dizel yanacağına olan ehtiyacın isə 40%-ni artıq özü istehsal edəcək. Bütünlüklə neft tələbatının 25 %-ni Türkiyə özü qarşılayacaq. Bütün bu rəqəmlər də bir daha onu göstərir ki, bu layihələrin baş tutması, bu günə kimi iç-içə olan Türkiyə-Azərbaycan xalqının rəhbərlərinin çiyin-çiyinə verməsi, birgə fəaliyyət göstərməsinin nəticəsidir. Bu həmrəylik dövlətlərimizi bir-birinə elə pərçimləmişdir ki, bunların qopması, ayrılması artıq mümkün deyil.

- Sizcə, layihə nə üçün məhz İzmirdə gerçəkləşdi?

- Layihə həm Azərbaycan, həm də Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Bu zavodun İzmirdə açılmasının səbəbi Azərbaycan və Türkiyəni bir-birinə bağlayan iqtisadi bağlardır. Bu strateji baxımdan Azərbaycanın Türkiyə üzərindən dünyaya açılışını təmin edir. İzmir bu baxımdan əlverişli nöqtədə yerləşir. Türkiyənin neft məhsullarından asılılığının böyük bir qismi aradan qalxacaq. Bu cür layihələrin gerçəkləşməsi Türkiyəni daha bağımsız və güclü hala gətirir. Türkiyənin güclü və bağımsız olması Azərbaycanın marağındadır.

- Layihənin geosiyasi əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Tək bu zavod yox, indiyə kimi Türkiyə Azərbaycan arasında gerçəkləşən bütün layihələr Azərbaycanı Türkiyə ilə yaxınlaşdırmaqla bölgədə və dünyada baş verən proseslərdə Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Təbii ki, Azərbaycana olan xarici təzyiqlərin qarşısını almağında da ciddi rol oynayacaq. Ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında da böyük rol oynayacağı gözlənilir.

- Prezident İlham Əliyev açılış mərasimində çıxış edərkən bildirdi ki, Azərbaycan və Türkiyəni ayıran tarixi məqamlar var idi. Sizcə, prezident çıxışında hansı məqamlara işarə edirdi?

- Dövlət başçısının tarix və millət qarşısında məsuliyyəti çox ciddidir. Elə məqamlar var ki, dilə gətirilmir, amma gerçəkləşdirilir. Bu gün İlham Əliyevin duruşu, apardığı siyasət bağımsız, müstəqil Azərbaycanın daha da güclənməsinə xidmət edir. İlham Əliyev bu açıqlaması ilə tarixi məqamlara toxundu. Amma yaxın keçmişdə də Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışanlar az olmayıb. İlham Əliyev də açıqlamasında bu kimi neqativlərə işarə edirdi. Bu neqativlər aradan qalxdıqca dövlətimiz Türkiyə ilə birlikdə daha böyük layihələrə hazır olduqlarını bildirmək istəyirdi. Sevindirici haldır ki, bu gün dünyanın siyasi səhnəsində güclənən Türkiyə və Azərbaycan bu cür layihələri həyata keçirməyə tam qadirdilər.

- Layihənin ölkəmiz üçün faydası nələrdir?

- Azərbaycan ilk beş ildə hər il 850 milyon dollar qazanc əldə edəcək. 6.3 milyardlıq yatırımı olan bir layihəyə qoyduğu yatırımı 10 il ərzində geri götürmüş olacaq. Bundan sonra Azərbaycan hər il 600 milyon dollar qazanc əldə edəcək. Bu projenin iqtisadi tərəfləridir. Meqalayihə həyata keçməmişdən öncə Türkiyə-Azərbaycan arasında bir çox layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft xətti, Bakı-Tbilis-Ərzurum qaz kəmərinin açılışı, Bakı-Qars dəmiryolunun çəkilişi, TAP-ın tərkib hissəsi olan TANAP-ın fəaliyyətə başlaması, “Şahdəniz”dən çıxan Azərbaycan qazının Türkiyəyə verilməsi kimi ciddi layihələr həyata keçirilib. Zavod Azərbaycan yatırımı ilə tikildiyi üçün Azərbaycan mülkü sayılacaq. Avropada ən böyük neft emalı zavodunun sahibi olmaqla Azərbaycanın dünyaya açılmasında, iqtisadi mövqelərinin güclənməsində, iqtisadi baxımdan böyük dəyişiklik gətirəcək. Bununla yanaşı, Azərbaycanın siyasi mövqeyi güclənəcək ki, bu da gələcəkdə daha böyük layihələrin gerçəkləşməsini təmin edə biləcək.

- Necə düşünürsünüz, bu layihə bu vaxta qədər daha çox etnik bağlara əsaslanan qardaşlığımızı iqtisadi müstəviyə çəkə bildimi?

- Düşünürəm ki, iqtisadi cəhətdən bir-birinə sarılmış Azərbaycan və Türkiyə gələcəkdə artıq ayrılması mümkün olmayan birliyə çevriləcək. Çox ehtimal ki, Azərbaycan-Türkiyə hərbi sənaye sahəsində daha çox əməkdaşlıq edəcək, böyük fabriklərin tikilməsini təmin edəcəklər. Ola bilsin ki, Türkiyə Azərbaycanda ortaq hərbi uçaqların, tankların istehsalını, uzaqmənzilli silahların istehsalı ilə məşğul olsun. Hər halda bütün bunlar güclənən Azərbaycan və Türkiyənin ortaq hərbi sənayə kompleksi yaratmasına, böyük güclərdən bu sahədə asılılıqdan azad olmasına doğru gedir.

- Azərbaycanın ən böyük yatırımını neft sahəsində Türkiyəyə etməsi regionun digər ölkələri ilə Azərbaycanın münasibətlərinə təsir edəcək? Ümumiyyətlə, layihənin region üçün əhəmiyyəti necə olacaq?

- Zavodun region üçün əhəmiyyətindən yox, Azərbaycan və Türkiyənin birliyinin region üçün əhəmiyyətindən söhbət gedə bilər. Türkiyənin neft ehtiyatlarına tələbatının Azərbaycan tərəfindən ödənilməsi, Azərbaycanın bir çox tələbatının Türkiyə tərəfindən ödənilməsi iki dövləti daha da bağımsız edir. Bu birlik regionda super gücə çevrilən Türkiyə və Azərbaycanın bölgə problemlərinin həll edilməsində həll edici dövlətlər olmasını təmin edəcək.

- Bildiyiniz kimi Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı hərbi parad keçirilməsi Ermənistanda ciddi təlaş yaratmışdı. Fikrinizcə, Azərbaycanın düşmənlərinin bu nəhəng iqtisadi layihəyə münasibətləri necə olacaq?

- Onların nə düşünməsi kiminsə vecinə deyil, olmamalıdır da. Ermənistan gec-tez Azərbaycanla hesablaşmağa məhkumdur. Ümumiyyətlə, dünyada həmişə güclü ilə hesablaşırlar, Ermənistan kimi süni və səfil dövlətlərlə yox. Türkiyəyə diqqət edin. Türkiyə FETÖ çevrilişini zərərsizləşdirməklə, xarici təsirlərə boyun əyməyəcəyini ortaya qoydu. Bu gün bütün istiqamətlərdə bölgədə super güc olduğunu nümayiş etdirməkdədir. Hazırda Türkiyə dünya siyasətində Çin, Rusiya, ABŞ kimi dövlətlərlə masa arxasında dik oturan dövlətdir. Belə bir dövlət bu gün Azərbaycanla birlikdədirsə, Ermənistanın və ya qeyrisinin hər hansı bəyanatları, davranışları ciddi təsirə malik ola bilməz.

Pərvanə AĞAZADƏ
AzNews.az