"Əlinə imkan düşən kimi ləkələyir, səhiyyə sistemindən uzaqlaşdırırdı" "Əlinə imkan düşən kimi ləkələyir, səhiyyə sistemindən uzaqlaşdırırdı"

Konkret rədd ol, Əli İnsanov!

"Əlinə imkan düşən kimi ləkələyir, səhiyyə sistemindən uzaqlaşdırırdı"

Əli İnsanov Səhiyyə naziri olanda müştəbehlikdən çat verən, hikkəsi özündən öndə gedən bu təkəbbür və kin dağarcığının rəhbərliyi altında çalışanlara yazığım gəlirdi. Həkimin, tibb bacısının, xəstəxana qapıçısının, hətta xəstə baxıcısının belə cibində gözü olan bu adam səhiyyə sistemində amansız bir rüşvət, korrupsiya piramidası yaratmışdı... Soyğunçuluq xəstəxanaların qapısından başlayır Əli İnsanovun sərhəd tanımayan tamahınadək yol gəlirdi... İndi “yağış yağıb, çatlar örtülüb” deyəsən. Yaddaşı korşalıb, ya da qəzəbi, hikkəsi yaddaşında qısaqapanma yaradıb.

Səhiyyədə bu soyadı ilə xarakteri, əməli daban-dabana zidd olan adamın qılıncının kəsmədiyi baş qalmamışdı. İstedadlı, bacarıqlı adamlar gözünün düşməniydi. Əlinə imkan düşən kimi ləkələyir, səhiyyə sistemindən uzaqlaşdırırdı. Qoy Əli İnsanov kimi yaddaşı korşalanlar, siyasi amneziyaya tutulanlar onun vəzifədə olduğu zaman kəsiyinə nəzər salsınlar. O zaman görəcəklər ki, Azərbaycandan digər postsovet respublikalarına, Türkiyəyə, Avropaya, ABŞ-a ən böyük mütəxəssis axını məhz onun nazir olduğu dönəmdə baş verib. Belələri ilə sonradan Rusiyanın müxtəlif şəhərlərində, Türkiyədə qarşılaşdım. Aralarında baş həkim olanı da, özəl klinikalara rəhbərlik edənləri də, yüksək elmi nailiyyətlərə imza atanları da var idi... Bu adamların Əli İnsanov haqqında söhbətlərindən sabiq səhiyyə nazirinin portret çizgilərini müəyyənləşdirmək, daha doğrusu dəqiqləşdirmək bir o qədər də çətin olmadı: “Başkəsən”, “qəddar”, “soyğunçu”, “qaniçən”, “xəbis”... Onun vəzifədə olduğu dönəmdə haqqında bircə kəlmə də olsun nə zamansa yaxşıya yaxınlaşmaq perspektivi ola biləcək söz eşitmədim. Mən hələ eşitdiklərimin ən yumşağını yazdım... Yazmadıqlarımı Əli İnsanov yaxşı bilir, ləqəbini də həmçinin... Zamanında qulağına çatdırıblar, çox güman ki...

Sabiq Səhiyyə nazirinin həbsinin motivi, yaxud motivləri, cinayət əməllərinin yalnız məhkəmə hökmündə yer alan məqamları haqqında yazmaq niyyətində deyiləm. Azərbaycan prezidentinə ünvanladığı yalvarış dolu məktubuna (bəlkə də məktublarına) toxunmaq fikrim də yoxdur.

Özünüifşa

Bu yazını yazmağımın yalnız bir səbəbi var: Əli İnsanovun “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı yer alan məqamlar! Əli İnsanov ömründə ilk dəfədir Qarabağdan danışıb... Səhiyyə naziri olanda Qarabağ müharibəsi əlillərinə tutduğu divan, xəstəxanalarda qazilərimizə dərmanların pulla satılması, əməliyyat üçün onlardan rüşvət tələb edilməsi istisna olmaqla İnsanovun heç vaxt Qarabağla yaxından uzağa əlaqəsi olmayıb. Bəs səbəb nədir?... Davamını Süleyman Rüstəmin məşhur “Ana və poçtalyon” şeirindəki kimi yazmayacağam. Çünki bu “əhvalatda” ana obrazı yoxdur. Heç müharibənin gətirdiyi itkilər, ağrı-acılar, indiki halda ərzilərimizin işğalı, qaçqın və köçkünlərimiz, indi “Ermənistan” adlandırılan tarixi Azərbaycan torpaqlarından qovulan soydaşlarımızla da Əli İnsanovun müsahibəsi arasında kiçicik bir əlaqə tapmaq mümkün deyil. Bu “əhvalat”da yalnız “poçtalyon” var, bir də Əli İnsanov. Həm də deyəsən “qara xəbər” yox, hazır “tezis” gətirib...

“Tezis”in, yaxud təlimatın izləri onun müsahibəsində də açıq-aydın görünür, həm də ilk cümləsindən. Həbsdən çıxanda “Qərbə təşəkkür etməklə” kifayətlənən, spektri dəqiq ifadə olunmayan, amma çox güman ki, radikal düşərgəyə münasibətdə təkəbbürlə səsləndirdiyi “Məlim deyil, onlar mənə qoşulacaqlar, yoxsa mən onlara” deyən İnsanov “Amerikanın səsinə” müsahibəsində sağa-sola təşəkkür paylamağı da unutmur. Hətta vaxtilə “rədd ol”, sonra isə “konkret rədd ol” dediyi jurnalistlərə də həmçinin, təşəkkür etməyi yaddan çıxartmayıb.

İndi isə Əli İnsanovun Qarabağla bağlı səsləndirdiyi hazır erməni tezislərinə diqqət çəkək:

Sabiq səhiyyə nazirinə görə, “Qarabağ münaqişəsinin həllində iki problem həll olunmalıdır (Çox güman ki, “Qarabağ münaqişəsinin həlli üçün iki problem həll olunmalıdır” demək istəyib). Əli İnsanovun xarakteri, fəaliyyəti, əməlləri ilə paradoksal da olsa, bu adam utanıb-qızarmadan “birinci problemin həlli” kimi “demokratik cəmiyyətin qurulmasından” danışır.

Bu Nikol Paşinyanı hakimiyyətə gətirən dairələrin ona 2011-ci ildən başlayaraq öncə qəzet səhifələrində, sonra isə küçə və meydanlarda dedirtdikləri hazır tezisin ağ-qara surətindən başqa bir şey deyil. Amma Paşinyan hakimiyyətə sahibləndikdən sonra hərbi ritorikanı daha da gücləndirdi, danışıqlar prosesini pozmaq üçün ən müxtəlif bəhanələrə əl atdı, separatçıları danışıqlar masasına oturtmaq üçün Köçəryan və Sərkisyandan daha radikal bəyanatlar mövqe sərgilərdi...

Əli İnsanovun iddialarında gizlənən başqa bir məqam isə ölkəmizdə yuxarıdan aşağıya həyata keçirilən islahatlarla bağlıdır. Maraqlıdır ki, bu islahatlardan Əli İnsanov “era”sının pərdələnmiş tör-töküntüləri ilə yanaşı xarici dairələr də narahatdırlar. Çünki yuxarıdan aşağıya həyata keçirilən islahatlar zamanı kataklizmlər baş vermir, dövlət institutları silkələnmir, cəmiyyət parçalanmır, əksinə daha da bütövləşir və inkişaf edir. Bunun əksi isə xaos, qarşıdurma, ölkənin onillərlə geriyə atılması, gücünün minimuma endirilməsi, kənar müdaxilələrə qarşı müqavimətsiz qalmasıdır. Bu isə şübhəsiz ki, ilk növbədə Ermənistana və onun himayədarlarına lazımdır. Paşinyan iqtisadi və hərbi cəhətdən güclü Azərbaycanla danışıqları təslimçilik müstəvisinə çəkmək gücündə və iqtidarında deyil. Deməli, nə etmək lazımdır? Azərbaycanı zəiflətmək və Əli İnsanov kimi alverçi təfəkkürlü kimsələrin piştaxtaya çıxara biləcəyi duruma salmaq...

Əli İnsanov müsahibəsində “ermənilərin məşhur atalar məsəlini” misal gətirməyi də unutmur və bununla da sonrakı iddialarına haqq qazandırmaq istəyir. Nə deyir ermənilər? İnsanovun dediyinə görə, “Çörək hardadır, orada qal”. O zaman ən yüksək vəzifələrə layiq bilinən, “sadiq millət” adlandırılıb başa çıxarəlan, Osmanlı Türkiyəsində bütün digər etnik və dini azlıqlarından, hətta türklərin özündən daha yaxşı yaşayan ermənilər hansı səbəblərdən çörək yedikləri qaba tüpürdülər?

Bəlkə zamanında onlara qucaq açan azərbaycanlılara qarşı sədaqət nümayiş etdiriblər İnsanovun sevimli erməniləri, xəbərimiz olmayıb? Bəlkə Qafqaz İslam Ordusu erməniləri azərbaycanlılardan xilas edib? Görəsən indiki Ermənistan da daxil olmaqla Orta Asiyadan indiki İran ərazisinədək türklərin yaşadıqları bütün ərazilərdə soyqırım cinayətlərini kim və nə üçün törədib?

Şübhə etmirəm, cüzi hissəsini sadaladığım bu faktların qarşılığında Əli İnsanov həyasızcasına iddia edə bilər ki, əgər həmin dövrdə tarixi türk torpaqlarında “demokratiya” olsaydı ermənilər başlarını aşağı salıb “çörək olan yerdə qalacaq”, “Böyük Ermənistan” xülyasını unudacaqdılar...

Əli İnsanov daha sonra deyir: “Bu iki xalqın günahı yoxdur ki, indiki münaqişə bu vəziyyətə gəlib-çıxıb”. Azərbaycan illərdir Ermənistanı himayə edən dairələrin və onların nəzarətində olan beynəlxalq təşkilatların ikili standartlarının girovuna çevrilib. Problemin indiyədək həll olunmamasının səbəblərindən biri də işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyulmasıdır. Əli İnsanova görə, Azərbaycan torpaqlarını işğal edən, yüzminlərlə soydaşımızı öz yurdundan didərgin salan, xalqımıza qarşı soyqırım cinayətləri həyata keçirən ermənilərlə torpaqları işğal olunan, yurdundan didərgin düşən, soyqırım cinayətlərinə məruz qalan azərbaycanlılar arasında heç bir fərq yoxdur, hər ikisi günahsızdır... Bəs günahkar kimdir görəsən? Əli İnsanov bununla azərbaycanlıların tarixi vətənlərindən – İrəvan, Ağbaba, Sörəyel, Loru, Abaran, Dərəçiçək, Gərnibasar, Zəngəzur, Qırxbulaq, Karbi, Pəmbək, Talin, Zəngibasar, Vedibasar, Dərələyəz, Sərdərabaddan qovulmasına da haqq qazandırır. Çünki qovan erməninin də, qovulan azərbaycanlının da “günahı yoxdur”...

Məsələni şəxsi keyfiyyətlər müstəvisinə çəkmək istəmirəm, amma adamın, İnsanın... Allahı olar, Əli İnsanov. Əslində bu müsahibə ilə özünü təpədən dırnağadək ifşa etdin. Ona görə də indi sən rədd ol! Həm də konkret rədd ol!

Elçin Mirzəbəyli

AzNews.az