Vəzifə həmişə müvəqqətidir, ziyalılıq və ağsaqqallıq isə mənəvi statusdur Vəzifə həmişə müvəqqətidir, ziyalılıq və ağsaqqallıq isə mənəvi statusdur

TƏŞƏKKÜRLƏR, DÖVLƏTÇİ ŞƏXSİYYƏT! - Taleh Şahsuvarlı yazır

Vəzifə həmişə müvəqqətidir, ziyalılıq və ağsaqqallıq isə mənəvi statusdur

Bu bir dövlətçilik təfəkkürü və qaydasıdır: Azərbaycan prezidenti İlham Əliyevin öz idarəçilik səlahiyyətini həyata keçirmək üçün xalqdan aldığı hüququ reallaşdırmaq məqsədilə kadrlarla bağlı verdiyi qərarlar müzakirə olunmur, oluna da bilməz. Bu qayda istisnasız olaraq ierarxiyanın bütün pillələri üçün keçərlidir. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamı da eyni qəbildəndir. Azərbaycan prezidenti İlham Əliyevi müdafiə etmək mənim üçün əqidə, amal, Azərbaycana xidmət məsələsidir. Bu günə qədər cənab prezidenti səmimi və təmənnasız şəkildə müdafiə etdiyim kimi, bundan sonra da edəcəm. Bu, birmənalıdır!

Mənim bir siyasi analitik olaraq Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin siyasətinin dəstəklənməsinə cəlb olunmağımda, iqtidarın yuxarı qatları ilə kommunikasiyamın qurulmasında Əli Həsənovun böyük və həlledici rolu olub. Bu isə o deməkdir ki, mənim Əli Həsənova bir ömürlük vəfa borcum var. Odur ki, bu günə qədər Əli Həsənovu hansı prinsipiallıqla müdafiə etmişəmsə, yenə də edəcəm! Vəzifəsindən çıxarılması mənim Əli Həsənova şəxsi münasibətimi, daxili simpatiyamı əsla dəyişmir və dəyişməyəcək də ona görə ki, heç zaman onu vəzifədə olduğu üçün müdafiə etməmişəm.

Mən Əli Həsənovu Azərbaycan prezidentinə sadiq, Heydər Əliyev siyasi cizgisinə bağlı gerçək bir siyasət adamı kimi tanıdım. Belə bir insanı tanıdığım, onunla şəxsi təmaslara malik olduğum üçün qürur duyuram.

Mən Əli Həsənovu dərin dövlət və millət anlayışına malik, yüksək təhsilə, intellektə və təcrübəyə malik ləyaqətli məmur kimi tanıdım. Bu cür bir şəxsiyyətin reputasiyasına hücum edənlər bundan sonra da qarşılarında məni görəcəklər.

Mən Əli Həsənovun kimsəsizə kimsə, köməksizə kömək, dəstəksizə dəstək olan gördüm. İşsiz qaldığım günlərdə özü də, xanımı Sona Vəliyeva da hər zaman mənimlə maraqlandı, diqqətdə saxladı.

Təşəkkür edirəm, Əli Həsənov!

Sizin kimi diqqətcil və qayğıkeş bir insanı unutmaq, vəzifədən getmisiniz deyə dönüklük etmək mənim kitabımda sadəcə yoxdur! Bu gündən sonra sizə münasibətdə sədaqət anlayışından uzaq hərəkət edənlər dövlətə də, prezidentə də, hakimiyyətə də dönüklük etməyə hazır tiplərdir! Bu cür ləyaqətsiz adamlardan Tanrı hər kəsi uzaq eləsin!

Mən Əli Həsənova müdrik, təmkinli, xalqımızın tarixin sınaqlarından çıxmış uca dəyərlərinin daşıyıcısı kimi rəğbət bəslədim. Vəzifə həmişə müvəqqətidir, ziyalılıq və ağsaqqallıq isə mənəvi statusdur. Əli Həsənov bu ölkənin ən gözəl ziyalılarındandır, mənim ağsaqqalımdır və onun bu mənəvi statusu mənim üçün heç zaman dəyişməyəcəkdir!!!

Eşq olsun, Sizə LƏYAQƏTLİ ZİYALI VƏ DÖVLƏTÇİ ŞƏXSİYYƏT!

Taleh Şahsuvarlı