Elçibəy hakimiyyətini Gəncədəki deyil, Bakıdakı qiyam çökdürüb Elçibəy hakimiyyətini Gəncədəki deyil, Bakıdakı qiyam çökdürüb

ElÇİBƏYƏ QARŞI QİYAM İÇİNDƏ QİYAM- təhlil

Elçibəy hakimiyyətini Gəncədəki deyil, Bakıdakı qiyam çökdürüb

Ötən təhlilimiz burada yekunlaşmışdı: Elçibəy hakimiyyətini Surət Hüseynovla məsələni tez bir zamanda bitirməyə sürükləyən elə bir ciddi amil və ya amillər silsiləsi olub ki, bu, əməliyyat müəlliflərini planı dayandırmamağa vadar edib.

Bu amillərdən birincisi Kəlbəcərin işğalından sonra ölkə daxilində yaranan hərbi-siyasi vəziyyət ola bilərdi. İndi artıq hər kəsə aydındır ki, Kəlbəcərin ermənilər tərəfindən 3 aprel 1993-cü ildə işğal edilməsi Rusiyanın Elçibəy hakimiyyətinə açıq şəkildə verdiyi “get” mesajı olub. Heç şübhəsiz, torpaq itkisi, xüsusən də Kəlbəcər kimi xüsusi hərbi strateji əhəmiyyəti olan yüksəkliklər bölgəsinin əldən çıxması həm hakimiyyətin xalq arasında nüfuzunu minimuma endirir, həm siyasi müxalifətə iqtidarı ittiham üçün əsaslar yaradır, həm də Qarabağda aparılmış anti-terror əməliyyatlarına nöqtə qoymaqla hakim elitanın əlini yanına salırdı.

Elçibəy hakimiyyətini Surətlə məsələni sürətlə bitirməyə sövq edən ikinci səbəb kimi bu günlərdə sabiq baş nazir Pənah Hüseynin dönə-dönə dilə gətirdiyi Qərbdən alınan mesajlar görünür. Əgər diqqət edirsinizsə, sabiq baş nazir ABŞ prezidenti Bill Klintonun Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı beynəlxalq müstəvidə razılaşma əldə etdiyini, Azərbaycan və Ermənistan rəhbərliyinin ABŞ-ın bu təşəbbüsü çərçivəsində ortaq məxrəcə gəldiyini iddia edir. O dövrün kütləvi informasiya vasitələrində yer alan diplomatik yazışmalar da prosesin bu yöndə irəliləyə biləcəyini istisna etmir o şərtlə ki, Rusiya və Ermənistan danışıqlar masasında verdikləri sözün üstünə saman altdan su axıtmasınlar. Əlbəttə, 1993-cü ilin iyunun əvvəllərində Bill Klintonun Azərbaycan prezidentinə heyranlıq ifadələri ilə zəngin məktub yollaması, həmin namədə Qarabağ probleminin real çözüm prosesinin başlandığına açıq işarə vurması heç də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə xüsusi sayğı duyması və ölkəmizə canıyanan çıxmasından irəli gəlmirdi. ABŞ, eləcə də bir sıra qərb dövlətləri və şirkətləri Azərbaycan neftinin çıxarılmasında və satışında pay sahibi olmaq istəyirdilər. Bunun üçün hərbi baxımdan sakit bir bölgəyə, iqtisadi və hüquqi islahatlara, dayanıqlı hakimiyyətə ehtiyac duyurdular. Ermənistan da Azərbaycan neftinin axacağı kəmərin öz ərazilərindən keçməsi qarşılığında Qarabağ iddiasını rəfə qaldırmağa razılaşmış kimi görünürmüş. Ancaq bu, Qafqazın Rusiyanın təsir dairəsindən birdəfəlik çıxması demək olardı. Bu aspektdən baxanda Surət Hüseynovun ətrafında formalaşmış və Rusiya tərəfindən dəstəklənən silahlı qüvvələrin farağat durmayacağı gün kimi aydın idi. Hər halda, Elçibəy hakimiyyətinin yüksək ranqlı fiqurları idarəçilik baxımından nə qədər səriştəsiz olsalar belə, anlamaya bilməzdilər ki, Kəlbəcərin işğalı ilə onları hakimiyyətdən salmağa qol çırmalamış Rusiya qısa zamanda Surət Hüseynovun nəzarətində olan hərbi birlikləri konkret döyüş tapşırığı ilə hərəkətə gətirmək də daxil olmaqla, müxtəlif təxribatlara imza atacaq. Belədə, AXC iqtidarının beyin mərkəzinin Surət Hüseynovu zərərsizləşdirməyə yönəlmiş əməliyyat hazırlayarkən və həyata keçirməyə cəhd göstərərkən təxminən bu ovqatda olmasını güman etmək olar: “Rusiya iki ayağını bir başmağa dürtüb, hakimiyyətdə qalmaq şansımız olduqca azdır, ancaq Surət Hüseynovu zərərsizləşdirəriksə, bəlkə digər təxribatların da qarşısını almağa müvəffəq ola, Klintonun dəstəyi ilə Qarabağ məsələsində irəliləyiş əldə edərək reytinqimizi artıra, neft konrtaktlarını imzalamaqla beynəlxalq təminat ala bilərik. Şansı sınamaq sınamamaqdan həmişə yaxşıdır”!

1993-cü ilin əvəllərindən başlayaraq Elçibəy hakimiyyətinin dayanıqlılığı şübhə doğururdu. Həmin ilin fevralında hakim siyasi təşkilat olan AXC hərbi müxalifətə qarşı bəyanat yaymış, bununla latent konfliktlər gün üzünə çıxmışdı. Nəinki ABŞ, Rusiya, Türkiyə kimi ciddi kəşfiyyat qurumlarına malik ölkələr, hətta azacıq analiz qabiliyyəti olanlar da asanlıqla təxmin edə bilərdilər ki, ölkədə faktiki olaraq iki hərbi güc mərkəzi var və bu mərkəzlərdən illeqal olanı Qarabağ münaqişəsinin gedişatına təsir göstərməklə Gəncəbasar bölgəsini də faktiki kontrolda saxlayır. O dövrün iqtidarının gözü ilə baxsaq, bu faktor zərərsizləşdirilməli idi həm də ona görə ki, AXC hakimiyyəti Surət Hüseynovu həbs etmək qərarına gələnədək artıq qarşı tərəf hakimiyyətin üstünə yerimək üçün xeyli əməli addım atmış, bir növ göz qırmağa çalışmışdı. Surət Hüseynovun hərbi hissələrinin baş qərargaha tabe olmaması ilə yanaşı, 4 iyuna qədər ətraf rayonlarda yerli icra hakimiyyətlərinin ələ keçirilməsi, o cümlədən Bakıya doğru hərəkətlə bağlı qiyamçıların konkret planlarının olması artıq hər kəsə məlum faktlardır. Bu faktlardan çıxış edərək vurğulamaq lazımdır ki, əgər 4 iyunda mərkəzi hakimiyyət tərəfindən Surət Hüseynovun həbs edilməsi üçün Gəncəyə əməliyyat qrupları göndərilməsə belə, yenə ortam qarışacaq, qiyamçılar başqa bir bəhanə ilə Bakıya doğru yön alacaqdılar. Ona da əmin ola bilərsiniz ki, bu təqdirdə Surət Hüseynov heç də mərhum atasının qırxının çıxmasını gözləməyəcəkdi. Odur ki, 4 iyun əməliyyatı AXC hakimiyyətinin, sözün əsl mənasında, ölüm-qalım savaşı idi.

Üzə çıxan detallardan ilk baxışda belə görünür ki, əməliyyat nəzəri cəhətdən, əslində, heç də pis hazırlanmayıb. Çoxsayda kəşfiyyat məlumatları toplanıb, Surət Hüseynovun həm özü, həm də çevrəsi nəzarətə götürülüb, əlaqələri üzə çıxarılıb, icraçılar arasında funksional bölgülər aparılıb, yerli şəraitlə bağlı incəliklər nəzərə alınıb, həbsin reallaşmasından və ya müqavimət göstərərsə, hədəfin məhv edilməsindən sonra Gəncədə və ətraf rayonlarda yarana biləcək qarşıdurmaların əngəllənməsinin yolları düşünülüb. Lakin Anadolu türkləri demiş, evdəki hesab çarşıya uymayıb.

Mərkəzdə hazırlanan planın Gəncədə gerçəkləşməməsinin mühüm səbəblərindən biri Surət Hüseynov tərəfdarlarının onu müdafiə etmək üçün gecə ilə hərəkətə gətirilməsi və şəhərdə cəmlənməsidir. Başqa sözlə, planının konfidensiallığının pozulması qiyamçıların daha mobil hərəkət etməsinə rəvac verib. Nəticədə həbs reallaşarsa, Gəncədə qanlı iğtişaşların baş verməsi ehtimalı artmış olub. Bu isə onsuz da ictimai etimadı zəifləmiş mərkəzi hakimiyyətdə yəqin ki, tərəddüdlər yaratmış, əlavə məsləhətləşmələr üçün vaxt itirilməsinə gətirib çıxarmış detaldır. Əməliyyata bilavasitə rəhbərliyin Daxili işlər naziri Abdulla Allahverdiyevin kabinetindən ən yüksək ranqlı rəsmilər- İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli- tərəfindən həyata keçirilməsi qarşılıqlı məşvərətdən çox, qarşılıqlı nəzarət fəndinə oxşamaqla bütün məsuliyyəti- əməliyyatın praktik idarəçiliyini öz üzərinə götürmüş bir fiqurun olmamasına işarədir. O fiqur, əlbəttə, Ali Baş Komandan özü olmalı idi, DİN-ə toplaşanlar da, Bakıdan deyil, heç Yevlaxdan da deyil, Gəncədən prosesə nəzarət etməli idilər. Lap başqa adla olsa da, biri Gəncədə, biri Qazaxda, biri Şəmkirdə hökumət qüvvələrinə verilən komandalara nəzarət etməli idilər. Fəqət 4 iyun hadisələrində AXC hakimiyyətində ən yüksək vəzifə tutan şəxslərin heç birinin- spikerin, baş nazirin, dövlət katibinin, dövlət müşavirinin Gəncəyə getmədiyini bilirdinizmi?

Diqqət edin, bir tərəfdə fərdi baxımdan nə qədər dayaz olursa-olsun, necə müdafiə olunacağını artıq bilən, bilavasitə öz canını qorumaq üçün hər cür riskə getməyə psixoloji cəhətdən hazır, əmri dərhal yerinə yetirilən bir qiyam lideri var, digər tərəfdə isə tərtib olunmuş planın icrasına məsuliyyəti bölüşməli olan, bir-birinə güvənməyən, çoxsayda qüvvəni koordinasiya etməyə çalışan (praktik olaraq bacarmayan) və iş qəlizləşəndə sırf öz qayğısını çəkməyə başlayan qeyri-monolit bir tərkib mövcuddur. Elə bu üzdən də bir yerdə Surətin 10-15 nəfərlik tağımının üstünə gedən bütöv bir bölük atışmadan sonra geri çəkilməyə məcbur olmuşdu.

Eyni zamanda, bir plan nə qədər mükəmməl hazırlanırsa-hazırlansın, əsas iş sahədəkilərin- icraçıların üzərinə düşür. Diqqət sahəyə yönəldikdə isə məlum olur ki, dövlətin Təhlükəsizlik Şurasında Ali Baş Komandanın “ya ölüsünü, ya dirisini gətirin” dediyi bir adam evindən əlini-qolunu sallaya-sallaya, necə deyərlər, burnu qanamadan çıxıb, əvəzində isə, prezident qvardiyasının əməkdaşları öldürülüb. Bununla da hökumət qüvvələrinin şəxsi heyəti istər-istəməz təşvişə uğrayıb. Bu barədə detalları dəqiqləşdirmək istəyərkən “Moderator.az” saytında müəllifi göstərilmədən yayılmış bir yazıda aşağıdakı abzas diqqətimi çəkdi:

“S.Hüseynov təxminən səhər saat 9-da, 709-cu h/h-yə gəlir. Sürücü danışdı ki, onun evi mühasirədə olub. Qapıdan çıxdıqları zaman S. Hüseynov evi mühasirəyə almış bölmənin komandirini soruşub. Komandir irəli çıxdıqda ona müraciət edib ki, "bu nə məsələdir?". Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin komandiri başını aşağı salaraq deyib: "Sürət bəy, cənab nazir dedi ki, prezident əmr edib, sizi harada görsək vuraq". S. Hüseynov onu dinlədikdən sonra soruşub ki, “uşaqlar çörək yeyiblərmi?” və komandirin cavabını gözləmədən mühafizəçisinə əsgərlərə səhər yeməyi verməyi tapşırandan sonra hərbi hissəyə yola düşüb. Əsl möcüzə isə budur ki, hər 500 metrdən bir qurulan postların heç birində S. Hüseynovun maşınını saxlamayıblar və o, heç bir maneə olmadan 709-un ərazisinə daxil olub”.

Bu barədə başqa versiyalar da səslənir və o versiyalar arasında Surət Hüseynovun XTD-nin əsgərlərinə səhər yeməyi verməsi bir qədər qəsdən uydurulmuş əsatirə bənzəyir. Bütün hallarda, hadisənin məhz deyilən cür baş verib-verməməsinin elə bir əhəmiyyəti yoxdur. Fakt budur ki, Surət Hüseynov ata evindən çıxaraq sağ-salamat Gəncədən bir qədər aralıdakı 709 saylı hərbi hissəyə çatıb. Sonrası məlum. Xronoloji ardıcıllığı gözləmədən və detallara çox da girmədən təfsilatı belə nəql etmək olar: orada günortaya qədər atışma olub, arada “Lələ” hirslənərək rəsmi qərarla ləğv olunmuş hərbi hissəni təslim almağa gəlmiş polkovnik İsa Sadıxova bir sillə çəkib, müdafiə naziri Dadaş Rzayev əhatə dairəsindən itib, Gəncə şəhər icra hakimiyyətinin qarşısında minlərlə insan hökumətə etiraz aksiyasına başlayıb, bığ dalınca gedən vəzifəli şəxslər saqqalları ilə birlikdə əsir düşüb, hətta İxtiyar Şirinov prezidentin həbsinə sanksiya imzalayıb. Qısacası, Surət Hüseynovu nə evində, nə də hərbi hissədə həbs və ya məhv etmək mümkün olmadığından, bütün ölkədə mərkəzi hakimiyyət böhranı yaranıb və ermənilər bu böhrandan istifadə edərək yeni torpaqlar işğal etmək eşqinə düşüb. Mərkəzi hakimiyyətin bu qədər uğursuzluğunu möcüzəyə bağlamaq, Surət Hüseynovun şanslı gününə düşməsinə inanmaq, əlbəttə, sadəlövh yanaşma olardı.

Olaylar zəncirinin bu şəkildə qırılma nöqtəsinə gəlməsi onu göstərir ki, Elçibəy hakimiyyətinin silahlı müxalifəti təkcə Surət olmayıb, bir qədər də açıq desək, Gəncəyə göndərilmiş dövlət qoşunlarının rəhbərliyi İsa Qəmbərovun, Pənah Hüseynovun, Əli Kərimovun Daxili İşlər Nazirliyinin binasında onlara verdikləri tapşırıqlar əsasında (o tapşırıqların keyfiyyəti hələ bir yana qalsın) ) yox, tamamilə başqa təlimatlarla hərəkət, daha doğrusu hərəkətsizlik ediblər. Bir ölkənin iç savaş təhlükəsi ilə qarşı-qarşıya olduğu məqamda müdafiə nazirinin itməkliyinin başqa adı yoxdur. Kim bilir, bəlkə də Surət Hüseynovu dəstəkləyən xarici qüvvələr güc strukturlanın rəhbərlərini əməliyyat öncəsi qorxudub, yaxud onları elə lap əvvəldən nəzarətə götürüblər, hətta yüksək vəzifələrə gəlmələrinə yardım da ediblər. Bütün hallarda, Dövlət Təhlükəsizlik Şurasında verilən bir qərarın icra olunmaması MN, MTN və DİN rəhbərləri və planın icrasına məsul komandirlər üçün hərbi suçdur. Onlar bu suçdan o zaman azad sayıla bilərlər ki, daha üst mövqedə olan şəxslər- Ali Baş Komandan və ya Baş nazirin əməliyyatın gedişində verdiyi əmrlərə hərfən uyğun hərəkət edərək əsas tapşırığı yerinə yetirə bilməsinlər. Ancaq bir qədər xırdalıqlara baxanda, belə görünür ki, 4 iyun əməliyyatı zamanı əmr-komanda zənciri bütün güc strukturları üzrə tamamilə qırılıb, qiyam içində qiyam baş qaldırıb.

Heç kimə təəccüblü deyil ki, nəzarətdən çıxmış hərbi hissəni Baş qərargaha tabe etdirmək ilk növbədə Müdafiə Nazirliyinin borcudur. Əslində, bir hərbi hissəni ləğv və tərksilah etmək üçün bütün qoşun növlərini səfərbər etməyə ehtiyac olmamalı, MN bu işi öz əmr-komanda zənciri daxilində görməlidir. Surət Hüseynovun evindən çıxıb hərbi hissəyə qədər gələ bilməsində MTN-nin, DİN-in xüsusi tapşırıqlı dəstələrini günahlandırmaq olar. Onlar qətiyyətli davranmayıblar, yaxud siyasi düşünərək ehtiyyat ediblər, lap elə məqsədli şəkildə sabotaj yolu tutublar. Amma Surət bir ayrı yerə deyil, məhz mühasirəyə alınmış hərbi hissəyə gedib axı... Necə ola bilər ki, bir dövlətin az qala bütün qoşun növlərinin, üstəlik bələdiyyə polisinin və s. köməkçi qurumların cəlb olunduğu, silahlı AXC fəallarının səfərbər edildiyi ortamda mərkəzi hakimiyyət bir mühasirəni daralda, hücuma keçə, qiyamçı bir alayı (hərbi formatı nə olursa-olsun) yerlə-yeksan edə bilməsin?

Bu sualın bir cavabı var: QİYAM İÇİNDƏ QİYAM BAŞ VERİB!

“1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının işinin yekunu barədə” Milli Məclisin qərarında maraqlı bir epizod var. Qərarda bildirilir:

“1993-cü ilin iyun ayının 5-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı Əbülfəz Elçibəyin rəhbərliyi, Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin, Azərbaycan Respublikasının Baş naziri Pənah Hüseynovun, Azərbaycan Respublikasının Dövlət katibi Əli Kərimovun, Azərbaycan Respublikasının müdafiə naziri Dadaş Rzayevin, Prezident aparatının Dövlət-hüquq şöbəsinin müdiri Fazil Mustafayevin, müdafiə nazirinin birinci müavini, Baş qərargahın rəisi Nurəddin Sadıqovun və Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin iştirakları ilə keçirilmiş müşavirədə əməliyyatın başa çatdırılmasını təmin etmək məqsədilə əlavə qüvvələrin, o cümlədən hərbi hava hissələrinin cəlb edilməsi təkidlə təklif edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş qərargahın rəisi Nurəddin Sadıqov göstərilən əməliyyata əlavə qüvvələrin və hərbi hava hissələrinin cəlb edilməsinin və ordunun siyasi məsələlərdə iştirakının əleyhinə olduğunu rəsmi bildirdiyinə görə, o, elə həmin gün Prezidentin fərmanı ilə tutduğu vəzifəsindən azad edilmişdir. Bu məsələlərlə əlaqədar müdafiə naziri D. Rzayevin etirazı və istefa verməsi barədə bəyanatı rədd edilmişdir. Eyni zamanda əməliyyata əlavə qüvvələrin, o cümlədən hərbi hava hissələrinin cəlb edilməsi barədə təklifin həyata keçirilməsini təmin etmək məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsinə cəhd göstərilmişdir. Bu məqsədlə müdafiə naziri vəzifəsi general Nəcməddin Sadıqova və polkovnik Səfər Əbiyevə təklif edilmişdir. Lakin onlar bu təklifin məqsədini başa düşdükdə verilmiş təklifdən imtina etmişlər”.

Üzərindən 27 il keçdikdən sonra bir qədər fərqli gözlə nəzər saldıqda təqdim olunan sitatdan çıxan nəticə budur ki, mərkəzi hakimiyyətin siyasi nüvəsi qiyamçıları susdurmaq, başqa sözlə iqtidarlarını qorumaq üçün əməliyyatı davam etdirməyə çaba göstərir. Bu məqsədlə bütün mümkün vasitələri gözdən keçirir, yollar arayır, lakin yeni bir qiyam faktı ilə üzləşir: bu dəfə Ali Baş Komandana tabe olmayan əyalətdəki hansısa hərbi hissə deyil, birbaşa müdafiə nazirliyinin rəhbərliyidir. Ali Baş Komandan və onun siyasi komandası isə dövlət adından verilən əmrlərini yerinə yetirəcək samballı bir ordu generalı tapa bilmir. Elçibəy hakimiyyətinin çöküşü artıq bu andan etibarən qaçılmaz olur. Özünüz düşünün, qiyamçılar hələ Gəncədədir, qarşıya qoyulan tapşırıqlar icra olunmasa da, hər halda əməliyyat şəraiti qarşı tərəf üçün də əlverişli deyil. Mərkəzi hakimiyyət üçün vaxt itirilib, amma imkanlar tükənməyib. Belə həssas anlarda orduya nəzarəti tam itirən bir siyasi komanda heç bir halda iqtidarda qala bilməz. Həmin vaxt əyalətdəki qiyamın başında Surət Hüseynov kimi bir mafioz deyil, kal bir armud dayansaydı belə, o müşavirədən xəbər tutacaq, ayağı yer alacaq, “yığışın uşaqlar, ölkədə Ali Baş Komandan, müdafiə nazirliyi-filan qalmadı, güc biziksə, hakimiyyət də bizim olmalıdır” deyəcəkdi. Onun belə deməməsi üçün o müşavirədən yeni bir müdafiə naziri çıxmalı (Dadaş Rzayevin istefasının qəbul olunmaması artıq nəticəni dəyişmək gücündə deyildi) və çıxıb da Gəncəyə getməli idi.

(Ardı olacaq)

Taleh ŞAHSUVARLI