- Redaktor masası
- 19:19
- 1 825
Hikmət Hacıyev WUF13-ü işıqlandıran media nümayəndələrinə təşəkkür edib
“Çox ağır və zəhmətli bir iş idi. Hər gün erkən saatlardan axşama qədər aktiv fəaliyyət göstərirdiniz. Bundan sonra şəhər çərçivəsində də fəaliyyət göstərərək reportajları operativ şəkildə təqdim edirdiniz. Bunların hamısını biz də oxuyurduq, gözləyirdik”.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) işıqlandıran jurnalistlərlə söhbətində deyib.
O, həmçinin media nümayəndələrinin hər birinə göstərdikləri yüksək peşəkarlığa görə təşəkkür edib:
“Mən fürsətdən istifadə edərək bir daha hər birinizə, bütün media rəhbərlərinə və həmkarlara öz təşəkkürümü bildirmək istərdim. Xüsusilə də jurnalistlərimizə minnətdaram. Həmçinin bəzən operatorlarımızın və fotoqraflarımızın işləri görünmür, onlara da ayrıca təşəkkür etmək istərdim. Çünki onlar da səhnə arxasında qalan qəhrəmanlardır.
Mediamızın getdikcə daha da cavanlaşması, yeni simaların bura gəlməsi – çünki əvvəlki nəsil nümayəndələrinin demək olar ki, mütləq əksəriyyətini özüm daha yaxşı tanıyıram, amma getdikcə yeni simalar da gəlir – sevindirici haldır”, – deyə Hikmət Hacıyev qeyd edib.