Xalqın dostları kimlərdir?

Youtub botlarının girovları barədə

Yox, mən özümü əsla Vladimir İliç Leninlə müqayisə etmirəm, edə də bilmərəm.

Ona da haqsızlıq olar, mənə də!

Lenin böyük bir ideoloq, amma kommunist idi.

Mən isə ümumiyyətlə ideoloq deyiləm, amma heç kommunist də deyiləm.

Odur ki, nə Leninə, nə də özümə qarşı haqsızlıq etmək kimi bir fikrim var.

Sadəcə, intellektual oxucu başa düşür ki, yazının sərlövhəsi haradan qaynaqlanır.

Bəli, “Xalqın dostları kimlərdir” sualı və başlığı Leninə aiddir.

İşin əslini bir-bir anlatmağa gərək yox, amma kökü ora gedir ki, 19-cu əsrin ikinci yarısında Rusiyada “narodnik”lər deyilən bir siyasi zümrə yaranmışdı, axırları pis oldu. O zümrənin parçalanması nəticəsində “Xalq iradəsi” adlı inqilabi terror təşkilatları qəbilindən qruplar formalaşmışdı.

Sonda bəlkə xatırlamalı olduq, amma gəlin, Ulyanovu elə bu məqamda unudaq, çünki zaman, məkan, ideolojilər fərqlidir.

Fəqət bütün müqayisələrin uğursuzluğunu bir daha xatırlatmaq şərti ilə deyim ki, Gültəkin Hacıbəylinin statusları hər dəfə rastıma çıxanda Sofya Perovskayanın meşşan variantı gözümün önündə canlanır.

Hərçənd Sofya Perovskaya Sevinc Mirzəyevadan- bir başqa meşşandan danışıram artıq- fərqli olaraq, “Xalqa doğru” hərəkatının fəallarından olmuşdu, yəni gözlərini savadsızlığının təsdiqi olaraq çippildədə-çippildədə vulqar maraqlarını ideyaların qarşısına heç zaman qoymamışdı.

Onları daxili işıqdan, hətta işıq ucundan məhrum, ancaq elə xoşbəxt edən də məhz budur: gözlərini döydükləri məsələlərdən pafosla danışmaq!

Bu qara, qap-qara çamurlar, ictimai rəyin dibindəki lazımsız məhlullar- xıltlar Azərbaycanın qutsal savaşında düşmənlə bir səngərdə dayandılar.

İşin ən acınacaqlı yanı, bizim bu “narodnik”lərin içində nə Alaksandr Qertsen var, nə Nikolay Çernışevski, nə də Alaksendr Mixaylov...

AXCP sədri Əli Kərimli, əlbəttə, nə Əli Əliyevlə, nə Tural Abbaslı ilə, nə Ağasif Şakiroğlu ilə bir tərəziyə qoyulacaq siyasi təcrübə sahibidir. Amma bu təcrübə Azərbaycanın yeni və ən yeni tarixinin MÖHTƏŞƏM ZƏFƏRinə qara yaxmaq üçün girəvə gözləyirsə, kimə lazımdır, nəyə lazımdır, toplum və gələcək üçün nə vəd edir?

Bu gün Əli Kərimlinin bütün yan-yörəsi sosial şəbəkələrin erməni seqmentini lupa ilə izləyir ki, Azərbaycan əleyhinə yayılmış bir gopa rast gəlsin, dərhal onu tirajlayıb iqtidardan “hesab sorsun”...

Məgər məhz Əli Kərimli özü deyildimi Sevinc Mirzəyevanın efirindən “odlu-alovlu” nitq irad edərək təxminən belə deyən: “Azərbaycan ordusu savaşa hazır deyil. Biz tezliklə hakimiyyətə gəlməliyik ki, ordunu savaşa hazırlayaq. Əgər hakimiyyətə gəlsək, müharibə etməyəcəyik...”

Bu bir siyasətçinin dilindən səslənmiş olduqca “ciddi” bəyanat idi və birbaşa Azərbaycanın milli maraqlarına qarşı çıxmaqdı. Bütün dünyada NORMAL və MİLLİ müxalifət lideri belə deyərdi: “Bizim ordumuz savaşa hazırdır, tezliklə iqtidara gəlməliyik ki, müharibəyə başlayaq və torpaqlarımızı azad edək”.

Amma Əli Kərimli çox yaxşı bilirdi ki, Azərbaycan savaşa hazırlaşır və Azərbaycanın savaş hazırlığı dünyanın bütün kəşfiyyatlarına məlumdur. Bəli, bu, Ermənistana verilən mesaj idi ki, diasporanız yaxşı işləsin, onların təsiri ilə beynəlxalq güclər Azərbaycanı qarışdırmaq üçün Milli Şuraya dəstək versin, müharibəyə hazırlaşan İlham Əliyevin diqqətini Qarabağdan yayındıraq!

Hələ də davam edir bu mesajlar!

Prezident İlham Əliyevin DÖVLƏT anlayışına söykənən siyasətini zərbə altında qoymaq üçün hər yola əl atır bizim primitiv, savadsız və burnunun ucunu görməyən “narod”niklər.

“Narod”niklər populistlərdirlər!

Populist-anarxistlər!

Kütlənin xoşuna gəlmək üçün dövlətin, millətin, siyasətin, diplomatiyanın, hərbin baş hərflərindən anlayışları olmadığı təqdirdə praktiki olaraq psixoloji terrorla məşğuldurlar.

Biri Əli Əliyev!

Dovşan həkimi!

Bu dovşan həkiminin hələ bir tutarlı söhbət elədiyinə kimsə şahid olmayıb.

Xalq hərəkatının gur vaxtlarında indi dünyasını dəyişmiş meydan liderlərindən biri tribunadan çıxış edib və milyonlar onu alqışlayıb.

Şahidlərin yadında o çıxışdan qalan əsas fraqment budur ki, natiq deyibmiş: “SSRİ-nin filan qərarı demokratiyanın 11-ci maddəsinə ziddir”.

Natiq tribunanı tərk edəndən sonra ərki çatan bir nəfər ondan soruşur: “SSRİ-nin qərarı səhvdir, anladıq, bəs demokratiyanın 11-ci maddəsi nə olan şeydir?”

Cavab belə olur: “Ağzıma gəldi, dedim, fikir vermə”.

Əli Əliyev youtub kanallarında fır-fıra kimi fırlanaraq demokratiyanın 11-ci maddəsindən danışır, yəni, ağzına gələni deyir.

Kimsə onu həmin verilişdə sorğulamır, əks sual və mövqe bildirmir, qarşısına arqument qoymur, nəticədə, sözün əsl mənasında, HƏDYANlar onun ağzında ehkama çevrilir.

Əli Əliyevin “Kazan nümayişi”ndən xəbəri olduğunu zənn etmirəm, amma fərz edək ki, var. Nədə olsa internet əsridir, “Google”- dan tapa bilər ki, bu nümayiş Kazan şəhərində deyil, 1876-cı ildə Sankt-Peterburqda keçirilib. Aksiyada 150, bəzi mənbələrə görə isə, 250 adam iştirak edib.

Əli Əliyev Azərbaycanda 150 adam çıxarda bilərmi hər hansı aksiyaya?

Bu ölkədə siyasətlə maraqlanan hər kəs bilir ki, belə bir statistika Əli Əliyev üçün gerçəkdən VİP olar.

Doğrudanmı, bu dovşan həkimi heç düşünmür ki, səhərdən axşamacan youtub kanallarında hakimiyyətin deyil, DÖVLƏTin maraqlarını ucuz çıxışlarla şübhə altına alır, amma bir mağarlıq adam apara bilmir arxasınca?!.

Bu adamların ən “ciddi” dəlili nədir bilirsinizmi?

“Argumentim ad populum”

Yəni, çoxluğa apellyasiya!

Yəni, fəlsəfə deyil, səfsəfə!

Çoxluğa (söhbət elektoral çoxluqdan getmir, hərfi tərcüməsi belədir- T.Ş) apellyasiyadan ən çox zərər görən ölkə Çindir. “Çinin bütün malları ucuz və keyfiyyətsizdir, deməli, Çində keyfiyyətli heç nə istehsal olunmur” səfsəfi dünyanın ən böyük və qüdrətli iqtisadiyyatlarından birinin doğru qiymətləndirilməsinə imkan vermir.

Bu səfsəfənin Azərbaycanda ən böyük daşıyıcısı, ancaq Azərbaycana qarşı daşıyıcısı Tural Abbaslıdır.

Tural Abbaslının qarşısına minlərlə fakt qoy, arqument sadala, Qalileyin goruna and iç ki, əzizim, Yer fırlanır, xeyri yoxdur, elə deyəcək ki, indiki Azərbaycan hakimiyyəti olmasaydı, dünya öküzün buynuzu üzərində daha firəvan olacaqdı.

Axı canım- gözüm Tural Abbaslı, sən sıralarında yetişdiyin Müsavat Pariyasının qurultayında 450 nümayəndədən 20 nəfərin səsini ala bilməmisən, bir Argentinada Xuan Peronun bioqrafiyasına bax, bir də özünün, səndən populist belə çıxmaz...

Eynilə Tural kimi hansısa qondarma universitetdən məzun olan Ağasif Şakiroğlu da danışır, danışır, danışır... Zira, hələ Azərbaycan cəmiyyəti bir suala cavab tapa bilməyib ki, o, Rəsul Quliyevin lideridir, yoxsa Rəsul Quliyev onun?!.

Bəs, nədir müxalif düşərgəni bu vəziyyətə salan, ucundan tutub ucuzluğa gedə-gedə gerçək siyasətdən qoparan?

Sosiologiyada “diffuz qrupları” deyilən bir anlayış var.

Bu cür qruplar inkişafla ayaqlaşa bilməyənlərin sayəsində formalaşan, heç bir dəyərlər sisteminə malik olmayan, kommunikasiya problemi yaşayan, birgə fəaliyyət imkanlarından və məqsədlərindən xali, közü daim öz qabağına çəkən, cəmiyyətə heç nə verməyən qeyri-rasional kəsimlərdir.

Gerçək siyasətçilər cəmiyyətdə rasionalizmi gücləndirmək üçün çalışdıqları halda, dayaz siyasi macəraçılar diffuz qruplara meyillənirlər. Ancaq reallıq budur ki, bir siyasətçi bu cür qruplara xitab etdiyi andan liderlik statusunu girova çevirir.

Bu gün Azərbaycan müxalifətinin “lider”ləri youtub botlarının girovluğundadırlar.

Onlar nə xalqdır, nə xalqın dostları... Heç bir şəraitdə xalqa doğru addım ata bilməyəcəklər, girovdurlar.

Niyə belə dediyimiz aydın olsun deyə, bir az da yazının dramaturgiyası xatirinə Leninə dönək və onun bir fikrini kontekstdən çıxararaq sitat gətirək:

“Gördüyümüz tək şey bəlağətli sözlərin çirkabı içində sağa-sola səpələnən cəfəng iddialardır”

Taleh ŞAHSUVARLI