Seçki Ermənistanı böhrandan çıxara bilmədi - TƏHLİL

Düşmən ölkədə qutudan sabotaj və terror çıxdı

Ermənistanda növbədənkənar parlament seçkisi başa çatdı.

İşıqların sönməsi, yüzlərlə məntəqədə “karusel”in işə salınması, güc strukturlarının basqısı ilə gerçəkləşən seçkilərdə gözlənildiyi kimi Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası qalib gəldi.

Ermənistan Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumata görə, səsvermədə iştirak edənlərin 53,92 %-i Nikol Paşinyana etimad göstərib, 21,02 % isə onun əsas rəqibi Robert Köçəryana qahmar çıxıb.

Səsvermədə vətəndaş fəallığı yüksək olmayıb və Ermənistanda səsvermə hüququ olan vətəndaşların cəmi 49,4%-i seçkidə iştirak edib.

44 günlük müharibədən çıxmış, həm də darmadağın olaraq çıxmış bir ölkədə vətəndaşların tən yarısından bir qədər çoxunun siyasi fəallıq göstərməməsinin arxasında iki mühüm amil dayanır.

Əvvəla, erməni cəmiyyəti pessimistdir və heç bir siyasi qüvvənin onun problemlərinə çözüm gətirəcəyinə inanmır.

İkincisi, səsvermə hüququ olan, yəni aktiv kəsimin böyük bir qismi ölkədə yoxdur, xaricə üz tutub.

Nəticələrə gəlincə, seçkilər Ermənistanı böhrandan çıxara bilmədi, əksinə daxili ziddiyyətləri kəskinləşdirdi.

Nikol Paşinyanın seçkilərdə üstünlük qazanması heç də birbaşa ona olan ictimai dəstəklə bağlı deyil, tam əksinə, Robert Köçəryan və Serj Sarkisyanın başında dayandıqları “Qarabağ klanı”na daxili nifrətdən qaynaqlanır.

Ermənistan cəmiyyəti Qarabağ savaşından, yoxsulluqdan və təcrid vəziyyətində yaşamaqdan önəmli ölçüdə bezib.

Bütün bunlara rəğmən, Nikol Paşinyanın quracağı hökumət Ermənistanda çoxluğu deyil, azlığı təmsil edəcək.

Rəsmi şəkildə elan olunan rəqəmlərə görə, Ermənistanda seçki hüququ olan 2 mln. 593 min 572 nəfər vətəndaş var. Bu vətəndaşlardan Nikol Paşinyanın komandasına cəmi 687 min 414 nəfər səs verib. Başqa sözlə, Nikol Paşinyana qarşı Ermənistanda 1 milyon 909 min 158 nəfərlik bir cəbhə var. Bu cəbhə hazırda üzdə olan Ermənistan müxalifətinin liderlərini Paşinyana alternativ görmür, ancaq siyasi proseslər belə bir fiquru mütləq üzə çıxaracaq.

Paşinyanın işi həddən artıq çətin olacaq. Ona görə ki, bir tərəfdən Robert Köçəryan artıq parlamentdədir və “Ermənistan” bloku Nikola qarşı barışmaz müxalifətçilik edəcək.

Digər yandan, Nikol Paşinyanın əsas dayaqlarından biri Ermənistan diasporudur. Robert Köçəryan prezident olduğu dövrdə erməni diasporu ilə sıx təmaslar qurduğundan xaricdəki ermənilərin bir qisminin Paşinyana verdikləri maddi və siyasi dəstək kəsiləcək.

Üçüncüsü, Paşinyanın ən böyük rəqibi hələlik üzə çıxmamış, lakin mütləq əksəriyyətin dəstəyini almağa girişəcək şəxs olacaq. Bu isə o deməkdir ki, Ermənistanda parlamentə düşmüş sistem müxalifəti ilə yanaşı, Paşinyan qeyri-sistemli müxalifətə də dirəniş göstərmək məcburiyyətindədir.

Robert Köçəryanın aldığı səslərin kütləsi Ermənistan cəmiyyətindəki rusiyapərəstlərdən, revanşistlərdən, Qarabağ klanından, Paşinyanın prostest edən seqmentlərdən və digər fərqli zümrələrdən ibarətdir. Lakin Azərbaycan xalqı və dövləti olaraq olduqca diqqətlə yanaşmalı olduğumuz bir məsələ var. Köçəryanın seçkiqabağı ermənilərə əsas vədi Hadrutu və Şuşanı təkrar işğal etmək, yəni Azərbaycanla yeni müharibəyə başlamaq idi. Köçəryan, əlbəttə, Qarabağı yenidən işğal etməyin ermənilər üçün mümkünsüz olduğunu bilməyəcək, anlamayacaq qədər sadəlövh və ya xəyalpərəst deyil. Yəqin ki, o, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən “Qarabağın işğalında iştirak etmiş cinayətkarlar hakimiyyətə gələrsə, onlarla heç bir danışıq aparmayacağıq” bəyanatını da qulağından sırğa kimi çoxdan asıb. Ancaq fakt budur ki, rəsmi rəqəmlərə görə, Köçəryanın blokuna 268 min 300 nəfər səs verib. Bu elektoratın yarısı qadın, bir hissəsi isə qocalar və xəstələrdir. Ancaq bu rəqəm onu göstərir ki, Ermənistanda Şuşa və Hadrut uğrunda döyüşməyə səs vermiş 100 minə yaxın əli silah tuta biləcək şəxs var. Bu kütlə Qafqazda, Qarabağda, o cümlədən Ermənistanın öz içində destablizasiya mənbəyi, potensial terrorçudurlar. Bu məqamda Robert Köçəryanın işğalçı və qatil keçmişini, eləcə də Ermənistan parlamentində törədilmiş terror aktı sayəsində hakimiyyətə gəldiyini xatırlayaq, terrorun ermənilərin siyasi mübarizə ənənələri içərisində əsas vasitələrdən biri olmasını yada salaq. Deməli, Ermənistanda seçki qutusundan həm də terror çıxıb.

Nikol Paşinyanın iqtidarını qoruması 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinə, eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına siyasi zəmin yaradır. Nikol Paşinyan bu şərtləri yerinə yetirərkən “satqın” damğası ilə üzləşərsə, başçılıq etdiyi hökumətin 10 noyabrdan sonra etimad yenilədiyinə istinad edəcək. Bununla belə, Nikol Paşinyanı qalib edən əsas sosial gücün Ermənistandakı qeyri-hökumət təşkilatları olmasını, həmin şəbəkənin isə Qərb donorlarının pulu ilə işlədiyini unutmaq olmaz. Elə bu səbəbdən Nikol Paşinyan əsas səylərini ona yönəldəcək ki, ATƏT-in Minsk Qrupunu diriltsin, Azərbaycanla sərhədlərin müəyyənləşməsinə mane olsun, nəhayət, darmadağın olmuş Ermənistan ordusunu Fransa hərbi-sənayesinin məhsulları ilə təchiz etsin. Bütün bunlar isə o deməkdir ki, Ermənistanda etimadını yeniləməsi faktından Nikol Paşinyan hökuməti Azərbaycana qarşı sabotaj kimi istifadə edəcək. Gözlənilən sabotajlara qarşı Azərbaycanın ən güclü və sınaqdan uğurla çıxmış silahı isə, heç şübhəsiz, “Dəmir yumruq”dur.

Taleh ŞAHSUVARLI