- Redaktor masası
- 29 İyun 2021 12:45
- 25 845
Əli Kərimli haçandan Rəsulzadə yolçusu olub?
Üçrəngli bayrağı yenidən qaldıran da, yenidən enməyə qoymayan da Heydər Əliyev və İlham Əliyevdir!
Tarixdə şəxsiyyətlərin rolu, heç şübhəsiz, böyükdür.
“Tarix şəxsiyyəti yaradır, yoxsa şəxsiyyət tarixi” sualı hər zaman açıq və mübahisələdir.
Şanlı keçmişimizin bəzi məqamlarında unikal şəxsiyyətlərimizi tarix yaradıb.
Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl açıqdan-açığa tarixin yetirməsidir.
Səfəvilərin son paytaxtı İsfəhanı əfqanlardan azad edən, mərkəzi Tehrana daşıyan, islamın şiə və sünni məzhəbləri arasında ortaq bağlar arayaraq Osmanlı ilə ideoloji düşmənçiliyə son vermək istəyən, Azərbaycan türkünün namını Hindistana qədər yayan Nadir şah Əfşar da bilavasitə tarixin ərsəyə gətirdiyi isimdir.
Azərbaycanda tarix yaradan şəxsiyyətlərdən biri erkən orta əsrlərdə Babəkdir.
Ən yeni tariximiz Azərbaycandan daha böyük miqyasda formalaşmış siyasət və dövlət adamı olaraq məhz Heydər Əliyevin şəxsiyyətinin apardığı milli davanın nəticələr silsiləsidir.
Mən Heydər Əliyevlə digər tarixi şəxsiyyətlərimizin müqayisə olunmasını həm prinsipial, həm də metodoloji baxımdan yanlış sayıram.
Eyni zamanda başa düşürəm ki, Heydər Əliyev hazırkı Azərbaycan hakimiyyətinin köküdür və gövdəni yıxmaq, budaqları qırmaq istəyənlər üçün mərhum prezidentə qarşı ideoloji və psixoloji basqılar obyektiv tarixi qiymətləndirmə cəhdi yox, siyasi konyuktura xarakteri daşıyır.
Bu cür konyuktur tezislərdən biri “Azadlıq qəzeti” adlı Facebook səhifəsində irəli sürülüb.
AXCP Rəyasət Heyətinin üzvü kimi təqdim olunan qeyri-populyar müəllif iddia edir:
“Zənnimcə, bundan sonra cəmiyyətimiz üçün Rəsulzadəni özünə Ümummilli Lider hesab edib İlham Əliyevə qarşı mübarizə aparan Əli Kərimli ilə Heydər Əliyevi özünə Ümummilli Lider hesab edib üzdə İlham Əliyevə, əslində isə Əli Kərimliyə qarşı mübarizə aparanlar arasında seçim etmək elə də çətin olmamalıdır”.
Əvvəla, bu cəmi bircə cümlədə ciddi məntiq xətası var: Heydər Əliyevi səmimi şəkildə özünə ümummilli lider hesab edənlər istər üzdə, istərsə də arxada niyə İlham Əliyevə qarşı mübarizə aparmalıdırlar?
İkincisi, deyək ki, müəllif 44 günlük Vətən savaşında və ondan sonrakı dönəmdə Azərbaycan hakimiyyəti ilə milli həmrəylik nümayış etdirmiş partiyaları nəzərdə tutur. Bir partiya varsa, deməli, onun hakimiyyətə gəlmək iddiası da var. Azərbaycanda hakimiyyətə gəlmək iddiası olan partiyaların fəaliyyəti niyə məhz Əli Kərimliyə qarşı da aparılan mübarizə olmalıdır? Əli Kərimlinin əlində hakimiyyətmi var? AXCP sədri Azərbaycanda hakimiyyətə göz dikən 40-dan çox partiyadan yalnız birinin sədridir və ölkədə siyasi dəngələri bilən adamlar yaxşı fərqindədir ki, Elçibəyin vəfatından sonra param-parça olmuş AXCP-nin hakimiyyətə rəqib olmaq üçün heç bir ciddi resursu, o cümlədən kadr bazası yoxdur.
Fəqət iddiadan belə məlum olur ki, AXCP sədri Əli Kərimli Məmməd Əmin Rəsulzadəni özünə lider hesab edirmiş.
Adədən bu sayaq pafoslu bəyanatlarda AXCP sədri Əli Kərimlinin Rəsuzladə-Elçibəy yolu getdiyi iddia olunur. Ancaq yaxın tarixin canlı şahidləri hələ sağdırlar və yaxşı xatırlayırlar ki, Əbülfəz Elçibəyi hələ sağlığında “siyasi meyit”, “şaman”, “utopist”, “regionçu” adlandırıb AXCP sədri postundan salmaq istəyənlər, “Azadlıq”, “Məkan” və digər qəzetlərdə təhqir etdirənlər kimlərdir. Görünür, bütün bunların bir daha yada salınmaması üçün AXCP-nin yeni və nadan ideoloqu Əli Kərimlini birbaşa Rəsulzadənin çətiri altına sığdırıb.
Çox pakizə, bəs, Əli Kərimli sosial-demokratdırmı?
AXCP sədri haçan solçu olub, harada deyib belə bir şey?
Rəsulzadə sosial-demokrat idi axı?
Rəsulzadə konfederalist idi, mediatik siyasi persona olan Əli Kərimli unitarist deyilmi əcəba?
Hansı yoldan, ideoloji doktrinadan gedir söhbət?
Əli Kərimli sağçıdırsa, Rəsulzadə sağçı deyil.
Rəsulzadə solçudursa, Əli Kərimli solçu deyil.
Nəyin müridliyi, mürşidliyidir bu?
Əli Kərimlinin getdiyi bir yol var, əslində.
Məğlubiyyət yolu.
Prezident İlham Əliyevin də getdiyi bir yol var- QƏLƏBƏ YOLU!
- Azərbaycanın müstəqillik tarixində ilk dəfə Ana Yasa, yəni dövlətin hüquqi model və əsasları məhz Heydər Əliyevin dövründə ümumxalq səsverməsi ilə qəbul olunub.
- Azərbaycanın müstəqillik tarixində ilk parlament seçkilərini Heydər Əliyev keçirib.
- Azərbaycan ordusu məhz Heydər Əliyev zamanında nizami hərbi hissələrə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ikinci dəfə dövlət atributu kimi qəbul olunan və bu da tariximizin bir acı həqiqətidir ki, o dövrdə parlament binasından asılması üçün ingilislərdən icazə istənilən üçrəngli bayrağı məhz Heydər Əliyev Naxçıvan Ali Məclisində yenidən qaldırıb və Azərbaycanda siyasi hakimiyyətə gəlməklə bir kərə enməyə imkan verməyib.
Heydər Əliyev 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsəydi, nə bayraqda bayraqlıq qalacaqdı, nə müstəqillikdə müstəqillik, nə də dövlət qurulacaqdı.
Heydər Əliyev 1993-cü ildə Azərbaycanda Ali Sovetin sədri seçiləndə ölkədə neçə iqtidar vardı, yadınıza salımmı?
x) Ermənilər Qarabağda hakimiyyətdə idi
x) Əlikram Hümbətov “TMR” qurub cənub bölgəsini hakimiyyəti altına almışdı.
x) Surət Hüseynov Gəncədən Nəvaiyə qədər bir iqtidar qurmuşdu.
x) Qanunverici hakimiyyət-parlament müstəqillik dövründə xalq tərəfindən seçilməmişdi, çoxluq kommunistlərin əlində idi, dünya parlamentarizm tarixində bənzəri olmayan bir şəkildə təmsilçilər öz səlahiyyətlərini məhdud saydakı təmsilçilərə vermişdilər.
X) Əbülfəz Elçibəy prezident kimi hakimiyyətdə idi, amma ən kritik zamanlarda hökumət üzvləri belə ona tabe olmadılar.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətini quran əcdadlarımızın əsas hədəfləri nə idi?
1) Dövlət təşkilatını formalaşdırmaq üçün Ana Yasa qəbul etmək, parlament seçkisi keçirmək, ölkədə sabitlik və istiqrar yaratmaq.
Heydər Əliyev və İlham Əliyev nail olmayıbmı bu hədəfə?
2) Elan edilmiş dövləti Qafqazda müstəqil siyasi gücə çevirmək və qəbul etdirmək;
Heydər Əliyev və İlham Əliyev nail olmayıbmı bu hədəfə?
3) Güclü iqtisadiyyat qurmaq, Bakı neftini dünya bazarına çıxarmaq, iqtisadi tərəfdaşları geopolitik müttəfiqlərə çevirmək;
Heydər Əliyev və İlham Əliyev nail olmayıbmı bu hədəfə?
4) Güclü ordu qurmaq, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını dəf etmək, Qarabağı və Zəngəzuru erməni çətələrindən təmizləmək.
Ordu quruculuğu Heydər Əliyev, Qarabağdakı zəfər İlham Əliyevin adına bağlı deyilmi?
5) Azərbaycanın milli istiqlalına qarşı olan təhlükələri dəf etmək (son nəticədə dəf olunmadı, dövlət süqut etdi), müstəqilliyə dönməz tarixi-siyasi xarakteri vermək.
Heydər Əliyev və İlham Əliyev nail olmayıbmı bu hədəfə?
Əli Kərimli hansı arzusunu yerinə yetirib, AXC-nin hansı tarixi hədəfinə qovuşdurub Azərbaycanı?
Sevinc Osmanqızının verilişinə çıxıb “Azərbaycan ordusu müharibəyə hazır deyil, biz hakimiyyətə gəlsək müharibəyə başlamayacağıq” deyə 44 günlük savaşdan öncə erməni diasporuna “məni hakimiyyətə gətirin, Qarabağ sizdə qalsın” mesajı verib?
Taleh ŞAHSUVARLI