- Redaktor masası
- 6 İyul 2021 15:25
- 20 531
Sorosdan pul almaq olar, dövlətdən yox?
Bir daha deyirəm: Mehman Əliyevi medianın xarici donorların və oliqarx məmurların asılılığından çıxarılması qıcıqlandırır
Medianın İnkişaf Agentliyi bu günlərdə mətbəədə çap olunan və internetdə yayımlanan kütləvi informasiya vasitələrinə maliyyə yardımı ayırdı. Qurumun maliyyə ayırdığı KİV-lərin siyahısı elan olunar-olunmaz həngamə qopdu, qalmaqal düşdü.
Təsisçisi və baş redaktoru olduğum AzNews.az analitik-informasiya portalı maliyyə yardımı almaq üçün MEDİA-ya müraciət etmədiyindən- saytımız belə bir müraciət üçün agentliyin irəli sürdüyü bütün şərtlərə uyğun fəaliyyət göstərir- istər razıların, istərsə də narazıların açıqlamalarını neytral müşahidəçi qismində izlədim.
Bəribaşdan deyim ki, hər iki cinahdan səslənən rəylərin heç də hamısı ilə razı deyiləm.
Əvvəla, MEDİA-dan maliyyə yardımı almış KİV rəhbərlərinin təşəkkürünü və ümumi açıqlamalarını anlayışla qarşılasam belə, onların müvafiq qurumun əvəzinə etirazlara cavab verməsini doğru hesab etmirəm.
Məsələn, imzasına çox hörmət etdiyim həmkarlarımdan biri iki-üç il öncə bir sayt açıb, davamlı maliyyə qaynağı olmadan müəyyən qədər auditoriya toplayıb. MEDİA-nın irəli sürdüyü şərtlərə uyğun olaraq sənədlərini hazırlayıb və müsabiqədə iştirak edib. Lakin nəticələr elan olunandan bu günə qədər MEDİA-dan tutarlı cavab ala bilməyib ki, onun rəhbərlik etdiyi sayta nədən maliyyə yardımı göstərilməyib?
Bunun qarşılığında, sırf neytral müşahidəçi kimi şəxsən məndə bəzi suallar yaranıb və bu sualları açıq şəkildə səsləndirmişəm: Yarandığı gündən indiyəcən aylıq dövriyyəsi 30 min manatdan az olmayan internet xəbər resursları o qədər pulla görə bilmədiyi hansı işi 3 min manatla həll edəcəklər?
Zənnimcə, bu kimi suallar ətrafında obyektiv müzakirələrin getməsi həm MEDİA-nın növbəti müsabiqələrinin daha şəffaf və daha ədalətli keçməsinə, həm də bütövlükdə yeni mediamızın inkişafına təkan verə bilər. Çünki bu müzakirələr qərəzsizdir və yeni üfüqlər açılmasına xidmət edir. Bütün hallarda, MEDİA bir ilkə imza ataraq, internet mediasının maliyyələşməsinə start verib. Mexanizmləri təkmilləşdirmək lazımdır, amma prosesi qaralamaq yolverilməzdir.
Amma bir qism şəxslər var ki, məhz prosesi qaralamağa çalışırlar. Onlardan bəziləri müsabiqənin şərtlərinə uyğun gəlmədikləri halda sənəd veriblər və haqlı olaraq pul ala bilməyiblər. Bundan sonra isə, necə deyərlər, tumanlarını başlarına çəkiblər.
Soruşa bilərsiniz ki, bu qəbildən olan “narazı”ların müsabiqənin şərtlərinə adekvat olmadıqlarını haradan bilirəm?
Bunu bilmək üçün səviyyəsi “saytlar qəzetlərdən daha operativdir” sayaq şablon cümlələr qurmaqdan uzağa getməyən “professor” olmağa ehtiyac yoxdur. Media cameəsində olan hər kəs belə məsələlərdən agahdır.
Yaxud “youtube” məcrasında fəaliyyət göstərən, imzalarına sayğı duyduğum bəzi həmkarlarım üsyan bayrağı qaldırır: “Heç sizin pulunuzu istəmirik, reklam bazarını açın”.
Qıraq-bucaqdan səslər yüksəlir: “Bəh, bəh”!
Çox pakizə, amma Azərbaycan hakimiyyətinin əlində hansı imkan və alətlər var ki, qlobal sosial şəbəkə olan “youtube”-də reklamları yasaqlasın?
Nə zaman edib, necə edib, necə edə bilər axı bunu?
Mümkündürmü ümumiyyətlə belə bir şey?!.
Deyilə bilər ki, söhbət şirkətlərin youtub proqramlarına sponsor kimi cəlb edilməsindən gedir.
Hansı şirkətin CEO-u ucuz, rahat və daha geniş auditoriyaya çıxan “youtube”- un təkliflərini kənara qoyub reklam siyasətini konkret bir proqram üzərindən qurar?
Bu məqamda Əhməd İsmayılov, ya bir başqası nə deyə bilər şirkətlərə?
Əhməd İsmayılovla heç zaman görüşməmişəm, MEDİA-nın keçirdiyi tədbirlərə də dəvət almamışam. Düzü, buna xüsusi həvəsim də yoxdur.
Zira, Əhməd İsmayılov MEDİA-ya rəhbər təyin olunanda xəbərdarlıq səciyyəsi daşıyan bir yazı ilə çıxış etdim, ondan prinsipial və qətiyyətli qərarlar gözlədiyimi ifadə etdim.
Demişdim ki, media sektorunda real islahatlar başlayan kimi, Əhməd İsmayılov da daxil olmaqla prosesi aparanlar hədəfə alınacaq.
Dediyim olur.
Bəli, Əhməd İsmayılov media cameəsi üçün yad fiqurdur. Bu, cameənin daxilindəki konfliktlərdən uzaqda qalması və MEDİA rəhbəri kimi obyektiv qərarlar qəbul etməsi, sektorda islahatlar aparılması baxımından əlverişli imkanlar yaradır.
Budur, “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. İlkin layihə hələ heç ictimaiyyətə təqdim olunmayıb, içində nə var, nə yox, təfislatı ilə bilinmir.
Qapalı müzakirələrdə iştirak eləmiş şəxslərdən eşitdiyimə görə, çox yaxşı maddələr, məsələlər var, amma tənqidə də açıqdır. Təbii ki, layihə yayımlanacaq və yayımlandıqdan sonra media sektorundan verilən təkliflər də nəzərə alınacaq. Bunun başqa yolu yoxdur. Əgər söhbət qanundan gedirsə, qanunun qəbul edilmə prosedurları bəllidir.
Amma hələ ortalığa açıq şəkildə qoyulmayan bir layihəni “mürtəce” elan etmək haqqını və əsasını Mehman Əliyev kimilər haradan alır?
Bu, sözügedən qanunun hazırlanması ilə media sektorunda aparılmasına start verilmiş sistemli islahatlardan duyulan əndişə deyilmi?
İllərdir deyirəm: əgər Azərbaycan mediası özünə çəki-düzən vermək istəyirsə, bir neçə şəxsin “Dədə Qorqud” kaftanında ona yol göstərməsinə imkan verməməlidir.
Bu cür tiplərdən biri və birincisi Mehman Əliyevdir.
2013-cü ildə Rusiya prezidenti Vladimir Putinə açıq məktub ünvanlayaraq Azərbaycanın daxili işlərinə qarışmasını təvəqqe edən və buna görə də mənim “zəmanəmizin Əliheydər Qarayevi” adlandırdığım bir zehniyyətin özünü “milli maraqların carçısı” qismində reabilitasiya etməsi mümkün deyil.
İkincisi, bu adamın dərdi heç zaman Azərbaycan mediası, söz və ifadə azadlığı olmayıb, para olub.
Vaxtilə Azərbaycan mediasına xarici donorlar tərəfindən “yardım” adı altında yüz milyonlarla dollar ötürülürdü və həmin pulların hara, nəyə, kimə xərclənməsi hələ də üzə çıxmır.
NED-in hesabatlarına baxın, yenə "Azərbaycanda medianın inkişafına" milyonlar ayrılır, amma kimsə "mən aldım" demir.
İllərdir soruşuram:
Hanı çanta-çanta pulların müqabilində yaradılmış qəzetlər, agentliklər, saytlar, TV- lər?
Hanı o qədər böyük vəsaitin qarşısında qurulan müstəqil mətbəələr, yayım şəbəkələri, KİV üçün tikilən ofislər?
Hanı hesabına külli miqdarda paralar köçmüş jurnalist birlikləri və onların üzvləri?
30 ildir müharibə şəraitində yaşayan bir ölkədə seminarlar təşkil etmək adı altında o qədər milyonlar basıb yemiş jurnalist təşkilatlarının peşəkar hazırlığını yüksəltdiyi bircə hərbi reportyor gözünüzə dəydimi 44 günlük Vətən savaşında?
Yenidən dilləri açılıb, əlləri uzanıb.
Azərbaycan hakimiyyətinin erməni diasporunun təsirində olduqları üçün çox doğru olaraq ölkədən qovduğu xarici donorları yenidən mediamızın başına kahya etmək istəyirlər.
Necə olur, Mehman Əliyev, SOROS-dan, NED-dən, USAİD-dən, başqa-başqa ölkələrin xarici işlər nazirliklərindən, səfirliklərindən pul almaq medianın müstəqilliyinə xələl gətirmir, həmin ölkələrin öz maraqları naminə Azərbaycan mediasını nəzarətə götürməsi "demokratik" olur, ancaq doğmaca dövlətimizin büdcəsindən yerli KİV-ə maliyyə ayırılması “söz və ifadə azadlığını boğmaq” məqsədi daşıyır?
Əgər səmimisinizsə, hesabatları açıqlayın, görək, bu günə qədər “Turan” agentliyi ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, İsveç və digər bu kimi ölkələrin fondlarından və səfirliklərindən nə qədər qrant alıb?
Dodaqlar uçuqladacaq bu rəqəm üzə çıxsa!
Haçana qədər Azərbaycan hakimiyyəti media quruluşlarına xaricdən axan dollarlara, evrolara göz yumurdu, Mehman Əliyev media bazarında inhisarçılardan biri idi. O və bir neçə onun kimisi yeni KİV- lərin donorlardan yardım almasına imkan vermir, hegemonluq edir, reklam bazarında dominant mövqe tuturdular. Elə ki xarici mənbələrdən əlləri xeyli dərəcədə kəsildi, mediaya yatırımlar milli manatla qoyuldu, rəqabət mühiti yarandı, bacarıqsızlıqları üzə çıxdı, çökdülər, reklamçıları itirdilər. Mehman Əliyev iki müstəvidə yaxşı oyunçu sayıla bilər. Birini dedik, o birisi də oliqarx məmurlar arasındakı konfliktlərdir.
Azərbaycan dövləti öz maliyyə yardımları ilə həm mediamızı xarici donorlardan asılılıqdan, həm də ayrı-ayrı məmurların inhisarından çıxarır.
Mehman Əliyev və onun ələyinə qıl verənləri qəm-qüssəyə giriftar edən də məhz budur.
Əgər ölkədə əsrləri əhatə edən istehsal ənənəsi və yüz ildən çox bir müddətdə ardıcıl yayımlanan brendlər yoxdursa, heç kim özünü aldatmasın və nağıl danışmasın, medianın Azərbaycanda sərbəst bazar iqtisadiyyatının tam mənada bir parçası olması üçün nəsillər dəyişməlidir.
Bu gün bizim o gələcək nəsillərə ən böyük töhfəmiz o olar ki, pis-yaxşı formalaşmış ənənələri qoruyaq, brendlərin ayaqda qalmasına və yüz illərlə yaşamasına yardım göstərək.
Bu işə isə bütün dünyada dövlətlər yardım edir, təkcə Azərbaycanda yox.
Taleh ŞAHSUVARLI